Postpandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşüb. Nəticədə, fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1,5 faizdən 4,6 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
O bildirib ki, ötən 5 ildə cəmi turist xərcləmələri 7,7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39 faiz çoxdur. Həmçinin 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74 faiz artıb.
Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9,6 faiz çoxdur. Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artıb.