AZ

Azərbaycanda böyük zəlzələ TƏHLÜKƏSİ

Şamaxı rayonunda son iki gün ərzində qeydə alınan 8 yeraltı təkan bölgədə seysmik aktivliyin artması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələlər əsasən Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə baş verib. Təkanların maqnitudası 3–3,8 intervalında dəyişib, zəlzələ ocağının dərinliyi isə 8–13 kilometr təşkil edib. Bəzi hallarda yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunsa da, bir sıra zəlzələlər əhali tərəfindən ümumiyyətlə hiss edilməyib. Sonuncu təkan yerli vaxtla saat 08:31-də qeydə alınıb və bununla da iki gün ərzində baş verən yeraltı təkanların sayı 8-ə çatıb.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan seysmoloq Ənvər Əliyev bildirib ki, Şamaxı və ümumilikdə Böyük Qafqazın cənub-şərq yamacı ölkənin ən aktiv seysmik zonalarından biridir və burada vaxtaşırı belə təkanların qeydə alınması təbii prosesdir.

Onun sözlərinə görə, maqnitudası 3–3,8 olan zəlzələlər zəif və orta güclü təkanlar hesab olunur və ciddi dağıdıcı potensiala malik deyil:

“8–13 kilometr dərinlik isə bölgə üçün tipik tektonik aktivlik göstəricisidir.

Qısa müddət ərzində bir neçə təkanın baş verməsi əksər hallarda böyük və dağıdıcı zəlzələnin qaçılmaz olması anlamına gəlmir:

Əksinə, bu cür ardıcıl zəif təkanlar yer qabığında toplanmış enerjinin mərhələli şəkildə boşalması ilə əlaqədar ola bilər”.

Seysmoloq qeyd edib ki, hazırda müşahidə olunan proses lokal xarakter daşıyır və vəziyyət daimi nəzarət altındadır:

“Şamaxı tarixi baxımdan seysmik baxımdan həssas bölgədir və burada müasir seysmik monitorinq şəbəkəsi fəaliyyət göstərir. Pirqulu stansiyası ölkənin əsas müşahidə məntəqələrindən biri kimi fasiləsiz qeydiyyat aparır. 3 bala qədər hiss olunan təkanlar əsasən yüngül silkələnmə şəklində özünü göstərir və mövcud tikinti normalarına uyğun inşa edilmiş binalar üçün təhlükə yaratmır”.

Ənvər Əliyev əhalini təşvişə düşməməyə çağıraraq bildirib ki, belə hallarda ən vacib məsələ maarifləndirmə və tikinti qaydalarına ciddi əməl olunmasıdır. O, seysmik zonalarda davamlı və keyfiyyətli tikintinin riskləri minimuma endirdiyini vurğulayıb.

Tunar

NOCOMMENT.az 

Seçilən
19
nocomment.az

1Mənbələr