AZ

Pəhləvilər yenidən hakimiyyətə gəlir?


Sürgündə yaşayan şahzadə Rza Pəhləvi iranlıları gələcək etirazlara hazır olmağa çağırıb, hələlik sakit qalmağı istəyib. O, təhlükəsizlik qüvvələrini rejimdən uzaqlaşıb xalqın tərəfinə keçməyə səsləyib və xəbərdarlıq edib ki, əks halda Ali Lider Əli Xamenei ilə birlikdə uduzacaqlar. Pəhləvi həmçinin ABŞ Prezidenti Donald Trampdan mülki əhalinin qorunmasına diqqət yetirməyi xahiş edib. Bəs baş verən hadisələrdən istifadə edib Pəhləvi rejimi yenidən İranda dirilə bilər? İran üzrə ekspert Elyar Kamrani Metbuat.az-a açıqlamasında bildirib ki, Donald Trampın verdiyi vəd, yəni İran anlaşması ilə bağlı “İranı vuracam” çıxışı fonunda, İrana qarşı, İsraillə birlikdə ölkənin strateji və önəmli nöqtələrinə, o cümlədən Əli Xameneinin, Məsud Pezeşkianın olduğu yerlərə, eləcə də Təbrizdən Buşehrə qədər müxtəlif bölgələrə zərbələrin endirilməsinə başlanıldığı iddia olunur. Onun sözlərinə görə, İranda internetin kəsilməsi səbəbilə ilk məlumatlar bu münaqişənin ağır keçə biləcəyini göstərir və bunun İran rejiminin dəyişməsi üçün güclü amillərdən birinə çevrilə biləcəyi ehtimal edilir:"Rejim dəyişərsə, alternativ olaraq şahın oğlu Rza Pəhləvinin hakimiyyətə gəlib-gəlməyəcəyi isə açıq sual olaraq qalır. Rza Pəhləvi son bir neçə həftə, yaxud son iki ay ərzində müəyyən güc topladığını və bəzi qüvvələri arxasına aldığını göstərməyə çalışır. Lakin bu, İran daxilindəki bütün millətlərin onu dəstəklədiyi anlamına gəlmir. Müxtəlif yollarla yayılan məlumatlarda “bu millət mənə dəstək verir”, “bu qruplar mənim yanımdadır” kimi iddialar səsləndirilsə də, daxildən gələn xəbərlər Pəhləvilərə dəstəyin çox məhdud olduğunu göstərir".E.Kamraninin fikrincə, rejim dəyişsə belə, Rza Pəhləvinin İran hakimiyyətinə gəlməsi ehtimalı olduqca zəifdir:"Bəzi fars bölgələrində, xüsusilə səltənət tərəfdarlarının olduğu qisimlərdə müəyyən dəstək ola bilər. Ancaq İranın digər millətləri, xüsusilə Azərbaycan, Kürdüstan, Əhvaz, Bəlucistan, Qaşqayı, Türkmənistan və Loristan bölgələrində Pəhləvinin ciddi dayağı görünmür. Hətta fars cəmiyyətində belə cümhuriyyətçi qüvvələrin Pəhləviyə qarşı çıxışları müşahidə olunur. Bundan əlavə, Xalq Mücahidləri Təşkilatının da istər ölkə daxilində, istərsə də xaricdə müəyyən lobbiləri mövcuddur və onlar da Pəhləviyə qarşı mövqe tuturlar".Ekspertin qənaətinə görə, nə qədər Rza Pəhləvini mediada böyütsələr və görüntü olaraq güclü göstərməyə çalışsalar da, real vəziyyət onun İranda geniş sevilən fiqur olmadığını və hakimiyyətə gəlmə ehtimalının olduqca az olduğunu göstərir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
5
19
metbuat.az

10Mənbələr