AZ

FHN rəsmisi: 20 il ərzində “112” qaynar telefon xəttinə 30 milyondan çox zəng daxil olub

Bakı, 28 fevral, G.Mahmudlu, foto O.Kərimov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə yaradıldığı gündən hazırkı dövrə qədər 30 milyondan çox zəng daxil olub, 4 milyondan yuxarı hadisə kartı açılıb. On minlərlə təhlükəli vəziyyətlə üzləşmiş insan həyatının təhlükəsiz əraziyə təxliyəsi, həmçinin xilası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi mayor Nizami Əsədov “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi münasibətilə təşkil olunmuş mediaturda jurnalistlərə açıqlamasında bildirib.

"112" qaynar telefon xəttinə gündəlik orta hesabıa 6-8 min müraciətin daxil olduğunu bildirən N.Əsədov deyib: "Əfsuslar olsun ki, daxil olan zənglərin mütləq əksəriyyəti əsassız, yanlış və yalan xarakterli müraciətlərdir. Bu isə öz növbəsində operativ müdaxilə tələb edən, real insan həyatı üçün təhlükənin olduğu vəziyyətlərdə operativ qrupların hadisə yerinə gecikmə riskini yarada bilər. Buna görə də ilk növbədə bütün vətəndaşlardan xahiş edirik ki, qaynar xəttə hər hansı bir təhlükəli vəziyyətlə üzləşdikdə müraciət etsinlər. Yalan, yalnış, əsassız məlumatlarla bağlı əhalinin maarifləndirilməsi işləri FHN-in aidiyyəti struktur bölmələri tərəfindən daim aparılır.

Müasir dövrdə avtomatlaşdırılmış iş yerlərinin təşkili ən əsas və ümdə vəzifələrdəndir. Çağrı mərkəzi olaraq xüsusi proqram təminatları və "Made in Azerbaijan" brendi ilə öz proqram təminatlarımızdan istifadə olunur. Həmin proqram təminatları vasitəsilə biz daxil olan müraciətlərin coğrafi mövqeyini dəqiq bilirik. Əlavə olaraq, daxil olan müraciət edənin kimliyi haqqında məlumatlar avtomatik qaydada öz əksini tapır və həmin hadisə yerinə operativ qrupların istiqamətləndirilməsi işləri təşkil olunur. Hazırda 112 mobil tətbiqi istifadəyə verilib. Həmin mobil tətbiqin növbəti mərhələlər üzrə planlı şəkildə süni intellekt texnologiyalarına inteqrasiyası nəzərdə tutulub. Həmin istiqamətdə fəaliyyət davam edir".

Seçilən
18
azertag.az

1Mənbələr