AZ

“The New York Times” Trampın İrana yanaşmasını məsuliyyətsiz adlandırdı

ABŞ prezidenti Donald Trampın İrana münasibətdə yanaşması məsuliyyətsizdir, Ağ Ev rəhbəri hərbi əməliyyatın məqsədlərini ictimaiyyətə aydın şəkildə izah edə bilməyib. Hətta ona nə daxildə, nə də beynəlxalq müstəvidə lazımi dəstək olub. 

Bizim.Media xəbər verir ki, bu fikir The New York Times (NYT) qəzetinin redaksiya heyətinin köşə yazısında yer alıb.
 

Materialda bildirilir ki, “Trampın İrana yanaşması məsuliyyətsizdir, onun məqsədləri qeyri-müəyyəndir. O, uğurlu nəticə ehtimalını artırmaq üçün zəruri olan daxili və beynəlxalq dəstəyi təmin edə bilməyib. Hərbi əməliyyatlar apararkən isə həm daxili, həm də beynəlxalq hüququ nəzərə almayıb”.


Nəşr xatırladır ki, 2024-cü il seçki kampaniyası zamanı hazırkı ABŞ prezidenti seçicilərə müharibələri başa çatdıracağını, yeni münaqişələrə başlamayacağını vəd etmişdi. “Əvəzində isə son bir ildə o, yeddi ölkəyə zərbələr endirilməsi barədə göstəriş verib. Onun hərbi müdaxilələrə meyli artmaqdadır”, – deyə NYT yazır.

Qəzetin qeydinə görə, Ağ Ev rəhbərinin bu hücum üçün aydın strategiya formalaşdıra bilməməsi “şokedici səviyyədə qeyri-müəyyənlik” yaradıb və zərbələr nəticəsində İran İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xameneinin həlak olmasına baxmayaraq, “bundan sonra nə baş verəcəyinin qeyri-müəyyən olduğu” vurğulanır.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti “hakimiyyət dəyişikliyinin İranda XXI əsrin əvvəllərində İraq və Əfqanıstanda baş verən hadisələrdən daha yaxşı nəticə verəcəyini” əsaslandıra bilməyib:

“Həmin müharibələr nəticəsində hökumətlər devrilsə də, qeyri-müəyyən müddətli və aydın milli maraqlara əsaslanmayan hərbi əməliyyatlar Amerika ictimaiyyətində narazılıq doğurmuşdu”.

Redaksiya heyəti yazını belə yekunlaşdırıb:

“Biz təəssüf edirik ki, Tramp müharibəyə onun həqiqətən də ciddi məsələ olduğunu nəzərə alaraq yanaşmır.”

Bizim.Media

Seçilən
32
2
bizim.media

3Mənbələr