AZ

Türkiyə İranla bağlı BU ADDIMI ATDI – Azərbaycan nə edəcək? 

Türkiyə ilə İran arasındakı sərhəd keçidlərinin müvəqqəti olaraq bağlanması regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib. Nazir bildirib ki, İranın Qərbi Azərbaycan əyaləti istiqamətində yerləşən sərhəd xətti üzrə keçidlərə məhdudiyyət tətbiq olunub və İran–Türkiyə sərhədində fəaliyyət göstərən hər üç buraxılış məntəqəsində sərnişin daşımaları dayandırılıb.

Qərarın regionda artan gərginlik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə bağlı olduğu vurğulanıb. Rəsmi Ankara vəziyyətin nəzarətdə saxlanıldığını və əlavə məlumatların ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Mövcud qərar yalnız iki ölkə arasında sərnişin hərəkətinə təsir göstərmir, eyni zamanda daha geniş regional proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Türkiyə–İran sərhədi həm iqtisadi, həm tranzit, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bu xətt vasitəsilə Orta Asiya, Cənubi Qafqaz və Yaxın Şərq arasında mühüm əlaqələr qurulur. Sərhəd keçidlərinin bağlanması xüsusilə İranın Qərbi Azərbaycan əyaləti ilə Türkiyənin şərq bölgələri arasında intensiv hərəkətliliyin müvəqqəti dayanmasına səbəb olub.

Baş verən proseslər Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm Türkiyə, həm də İranla qonşu ölkə olaraq regiondakı istənilən gərginliyin mümkün təsirlərini nəzərə almalıdır. Xüsusilə kütləvi miqrasiya və ya qaçqın axını ehtimalı yaranacağı təqdirdə Bakı çevik və balanslı siyasət yürütməlidir. Azərbaycanın İranla geniş quru sərhədi mövcuddur və mümkün humanitar böhran vəziyyətində sərhəd təhlükəsizliyi ilə humanitar öhdəliklər arasında düzgün balansın qorunması vacib olacaq.

Siyasi şərhçi Azər Hüseynov məsələ ilə bağlı bildirib ki, hazırkı mərhələdə Azərbaycan üçün əsas prioritet milli təhlükəsizliyin təmin edilməsidir: “Əgər regionda gərginlik daha da artarsa və kütləvi qaçqın axını baş verərsə, Azərbaycan hökuməti ilk növbədə sərhəd nəzarətini gücləndirə, keçid məntəqələrində xüsusi rejim tətbiq edə və təhlükəsizlik yoxlamalarını sərtləşdirə bilər. Eyni zamanda, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq müvəqqəti yerləşdirmə mərkəzlərinin yaradılması, BMT və digər beynəlxalq təşkilatlarla koordinasiyanın qurulması mümkündür. Azərbaycan bu məsələdə balanslı siyasət aparmağa çalışacaq Bakı bir tərəfdən humanitar prinsiplərə sadiqliyini nümayiş etdirməli, digər tərəfdən isə daxili sabitliyi və sosial-iqtisadi tarazlığı qorumalıdır. Kütləvi axın halında dövlət strukturlarının – Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət daşıyacaq”.

Şərhçinin sözlərinə görə, Azərbaycan regionda sabitliyin qorunmasında maraqlıdır və gərginliyin artması nə iqtisadi, nə də təhlükəsizlik baxımından ölkənin maraqlarına uyğundur: “Buna görə də rəsmi Bakı həm diplomatik kanallar vasitəsilə prosesləri diqqətlə izləyəcək, həm də mümkün risk ssenarilərinə qarşı əvvəlcədən hazırlıq mexanizmlərini işə sala bilər. Hazırda Türkiyə–İran sərhədində tətbiq olunan məhdudiyyətlərin müvəqqəti xarakter daşıdığı bildirilsə də, regiondakı ümumi təhlükəsizlik mühiti vəziyyətin inkişaf istiqamətini müəyyən edəcək əsas amil olaraq qalır. Azərbaycan isə dəyişən geosiyasi reallıqlar fonunda öz milli maraqlarını və təhlükəsizlik prioritetlərini əsas götürərək addımlar atmağa davam edəcək”.

Seçilən
93
1
nocomment.az

2Mənbələr