AZ

"Müharibə uzun müddət çəkməyəcək" - Sərdar Cəlaloğlu

"Amerikanın təcrübəsi göstərir ki, Amerika heç vaxt uzunmüddətli müharibələrə girişmir. Bu, xüsusən Vyetnam və Koreya sindromu ilə bağlıdır. Çünki uzun müddət Koreyada və Vyetnamda müharibə aparan Amerika həm beynəlxalq nüfuzunu kifayət qədər itirdi, həm iqtisadi cəhətdən xeyli gerilədi, həm də həm Koreyada, həm də Vyetnamda qarşıya qoyulan məqsədlərə tam çata bilmədi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ-İsrail-İran arasında sülhün mümkün olub-olmamasından danışarkən bildirdi. Onun sözlərinə görə, Amerikanın istər İraqla, istərsə də Suriya ilə bağlı apardığı hərbi əməliyyatlardan görünür ki, Amerika uzunmüddətli hərbi əməliyyatlar aparmaqda maraqlı deyil:

"Bu, həm iqtisadi baxımdan, həm hərbi potensialın tükənməsi, həm də beynəlxalq imicin zəifləməsi baxımından belədir. Çünki uzun müddət müharibədə nə qədər haqlı olsan da, müharibənin gedişatında dinc vətəndaşlara, uşaqlara ziyan dəyirsə, təbii ki, istər-istəməz nüfuz aşağı düşür. Həm də bu cür müharibə çox böyük maliyyə resursları tələb edir. Müharibənin gedişatında itkilər verildikdən sonra ölkə ictimaiyyətində əhval-ruhiyyə dəyişir və sair. Bu baxımdan təbii ki, müharibə çox da uzun müddət davam etməyəcək. İkincisi, bu, klassik mənada müharibə deyil, hədəfləmə müharibəsidir. Yəni faktiki olaraq yalnız dəniz və hava qüvvələrindən istifadə etməklə İranın mühüm obyektlərinə və mühüm şəxslərinə qarşı yönəlmiş bir əməliyyatdır. Ona görə də keçən dəfə gördük ki, Amerika və İsrailin İrana qarşı vuruşması cəmi 12 gün davam etdi. Bu dəfə də hesab edirəm ki, uzun müddət çəkməyəcək, bəlkə də daha qısa olacaq. Çünki əsas hədəflərinə çatdılar: Xameneini öldürdülər, İranın hərbi rəhbərliyinin böyük bir hissəsini sıradan çıxardılar və sair. Hətta məlumata görə, artıq İran tərəfi də danışıqlara razı olduğunu bildirib. İranın özündə də əhali arasında Amerikanın apardığı hərbi əməliyyatlara müsbət münasibət bildirənlər var".

Müsahibimiz bildirdi ki, burada bir razılaşma variantı var və bu da Amerikanın şərtlərinin sözsüz yerinə yetirilməsidir:

"Amerika İrana qarşı qoyduğu şərtləri prioritetinə görə sıralasaq, bir nömrəli şərt nüvə ilə bağlı bütün tədqiqatlardan tam imtina edilməsidir. Hətta nüvə yanacağından belə Amerikanın İranın istifadə etməsinə razı olmadığı bildirilir. Çünki sonradan bu imkan yenidən nüvə silahının əldə edilməsində istifadə oluna bilər. İkinci şərt Çin və Rusiyaya göstərilən hərbi və iqtisadi yardımın dayandırılmasıdır. Vaxtilə İran Rusiyaya “Şahid” dronları və digər hərbi vasitələr verməsəydi, Rusiya müharibə cəbhəsində demək olar ki, uduzurdu. Amma Ukrayna cəbhəsində Rusiyanın müəyyən üstünlük əldə etməsinin əsas səbəblərindən biri İranın onu dronlarla təchiz etməsi oldu. Bu da Avropanın və Amerikanın maraqlarına ziddir. Eləcə də Çin bu gün Amerikanı iqtisadi sferada sıxışdırır və perspektivdə strateji olaraq qlobal güc kimi çıxış etməyə cəhd edir. Bu zaman onun əsas enerji tələbatının bir hissəsini İran ödəyir. Üçüncü vacib məsələ isə İranın Amerikanın və Avropanın maraq dairəsində olan ərazilərdə destabilizasiya yaratmaq məqsədilə saxladığı proksi qüvvələrdir: “Hizbullah”, HƏMAS, Yəməndəki husilər və sair. Bu qüvvələr faktiki olaraq həmin bölgədə destabilizasiya yaradır, müharibə riskini artırır və Amerikanın maraqlarına zərbə vurur. Bu baxımdan bu üç şərt mütləq yerinə yetirilməlidir.

Nəhayət, bu müharibədə İsrailin İranla bağlı elan etdiyi əsas hədəflərdən biri də İranda rejimin dəyişdirilməsidir. Təbii ki, bu məsələdə İran tərəfi razılığa gəlməyə bilər, amma müəyyən yumşalma və ya başqa addımlar atıla bilər. Lakin bu şərtlər yerinə yetirilmədiyi təqdirdə, hakimiyyət dəyişilənə qədər, yəni yeni hakimiyyət Amerikanın şərtlərini qəbul edib, Trampın dediyi kimi, Amerikanın düşmənindən dostuna çevriləcək bir İranı idarə edəcək qüvvələr hakimiyyətə gələnə qədər müharibə davam edəcək. İranın uzun müddət müqavimət göstərmək şansı yoxdur. Çünki dünyanın bir nömrəli ordusu İranla vuruşur. İsrail də kiçik olmasına baxmayaraq, dünyanın ən güclü ordularından biridir. İranın nə hərbi texnikası, nə hərbi gücü, nə potensialı, nə də iqtisadi imkanları Amerika-İsrail ittifaqı ilə uzunmüddətli müharibə aparmağa imkan verir. Digər tərəfdən, İranın hətta NATO qüvvələrinə və onların hərbi bazalarına - Bəhreynə, Şimali Kiprə, İraqa və s. etdiyi hücumlar bir müddətdən sonra NATO ölkələrinin də bu münaqişəyə qoşulmasına səbəb ola bilər. Bu isə o deməkdir ki, İran NATO ilə də müharibə aparmalı olacaq və bu halda hər hansı qələbədən danışmaq mümkün deyil, hətta sağ qalmaq ehtimalı belə çox zəifləyir. Ona görə də mən belə düşünürəm ki, əgər İranda kifayət qədər ağıllı siyasi qərar verənlər varsa, hazırkı vəziyyətdə ən azı mövcud imkanlarını itirməmək üçün təcili danışıqlara getməlidirlər. Xüsusilə Amerika üçün prioritet olan məsələlərdə müəyyən güzəştlərə getməli, öz prioritet maraqlarını isə başqa müstəvidə təmin etməyə çalışmalıdırlar. Yalnız bu halda müharibə başa çata bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr