AZ

Departament rəisi: Bakı metrosunda xətlərin ayrılması istiqamətində işlər davam etdirilir

Bakı, 2 mart, AZƏRTAC

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində mühüm mərhələlər üzrə işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, metronun “28 May” stansiyası ətrafında yerləşən “Şaxta 1” və “Şaxta 2” sahələrində şaxtaların qazıntısı tam başa çatdırılıb.

“Həmin ərazilərdə mövcud tunellərə keçid tunelləri də inşa edilib. Hazırda yeni tunellərin tikintisinə başlanılması üçün hazırlıq işləri həyata keçirilir. Bakı metrosunda xətlərin ayrılması ilə bağlı iki əsas layihə paralel şəkildə icra olunur. Bunlardan biri “Dərnəgül” deposunun tikintisinin ikinci mərhələsinin başa çatdırılması, digəri isə xətlərin ayrılması layihəsi üzrə yeni tunellərin inşasıdır. Bu layihələr bir-biri ilə sıx əlaqəlidir. Yaşıl xəttin müstəqil fəaliyyət göstərməsi üçün depo mütləqdir. “Dərnəgül” deposunun ikinci fazasının başa çatması xətlərin ayrılması layihəsi üzrə yeni tunellərin inşasına başlanılması üçün zəmin yaradacaq”, – deyə departament rəisi bildirib.

Məmməd Rzayev əlavə edib ki, layihə çərçivəsində yol inşaaatı ilə bağlı zəruri olan hissənin tamamlanmasından sonra metro xəttinin depo ilə birləşdirilməsi və yeni tunellərin inşasına başlanılması nəzərdə tutulur.

Seçilən
11
1
azertag.az

2Mənbələr