AZ

“Susmayan həqiqətlər” sərgisinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib.

Ombudsman aparatından News365.az-a verilən xəbərə görə, açılış mərasimində Ombudsman Səbinə Əliyeva çıxış edərək, “Susmayan həqiqətlər” sərgisinin xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.


Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa, eləcə də Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış ediblər. 

Tədbirdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin, onların beynəlxalq səviyyədə tanınmasının və qurbanların hüquqlarının bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova Ombudsman Səbinə Əliyevanın ön sözünün müəllifi olduğu “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı barədə ətraflı məlumat verib. O, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun döyüşçüləri haqqında bioqrafik təqdimatların qeyd edildiyini bildirib.

Sərgidə nümayiş olunan arxiv sənədləri, fotoşəkillər və digər materiallar azəraycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əyani şəkildə əks etdirir. Materiallar, həmçinin tarixi yaddaşın qorunmasına, insan hüquqları sahəsində ictimai məlumatlılığın artırılmasına və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət edir.

Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərin sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına, insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir və sərgi 31 mart tarixinədək ziyarətçilər üçün açıq olacaq.


Seçilən
14
7
news365.az

8Mənbələr