AZ

Yaxın aylarda qiymətlər rekord qıracaq - Ekspert xəbərdarlıq edir

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. İran buna cavab olaraq İsraillə yanaşı ABŞ-nin Yaxın Şərqdəki müttəfiqi olan ölkələrə zərbələr endirir.

İran Qətərdəki qaz zavodunu, Səudiyyə Ərəbistanındakı “Ras Tanura” neft emalı zavodunu dronla vurub və istehsal dayandırılıb. Həmçinin Omanda “Duqm” limanını və sahildəki neft tankerini hədəf alıb.

Bundan başqa, müharibənin ilk günündə İran əsas neft marşrutu olan Hörmüz boğazını bağlamışdı. Tehran daha sonra geri addım atdı və boğzaı açdı.    

Bəs bütün bu proseslər neftin qiymətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevlə həmsöhbət olduq. Onunla müsahibəni təqdim edirik. 

- İrana qarşı müharibə neftin qiymətinə necə təsir edəcək?

- Ümumiyyətlə, təkcə neftin yox, həm də neft məhsullarının qiymətlərində artım gözlənilir. Çünki neftin ağırlıq mərkəzi Yaxın Şərq regionudur. İran ətrafında başlayan hadisələr qlobal neft daşınmalarına, əsasən də dəniz yolu ilə daşınmalara ciddi təsir göstərəcək.

Hazırda gündəlik dəniz daşımaları təxminən 76 milyon barrel təşkil edir. Bunun 16 milyon barreli Hörmüz boğazından keçir. Oradan Oman körfəzinə, daha sonra Ərəb dənizi vasitəsilə beynəlxalq bazarlara, əsasən də Asiya bazarlarına paylanır. Əgər dəniz daşımalarında fasilələr yaranarsa, təbii ki, neft qiymətlərində ciddi artım olacaq.

- Əsas dəniz marşrutlarında risklərin artmasından sonra qlobal neft bazarında vəziyyət necə olacaq?

- Baxmayaraq ki, 2025-ci ildə neft bazarlarını araşdıran qurumlar qlobal bazarda neft bolluğu olacağını iddia edirdilər, əslində vəziyyət belə deyildi. Hətta Yaxın Şərqdə gərginlik olmasaydı belə, neft qiymətlərində artım müşahidə olunacaqdı. Çünki artıq bir neçə ildir fiziki bazarlarda qeyri-müəyyənlik müşahidə olunur.

Dünya üzrə təxminən, 800-ə yaxın neft emalı zavodu fəaliyyət göstərir və bu zavodların xammalla təminatında problemlər yaranır. Rusiya ətrafında baş verən hadisələr, İranın neft ixracına qoyulan məhdudiyyətlər və digər geosiyasi faktorlar neft emalı zavodlarının xammal təminatına təsir edir.

Məsələn, 2025-ci ilin avqustunda neftin qiyməti yüksək olmasa da, dizel və aviasiya yanacağının qiyməti kifayət qədər yüksək idi. Bu o deməkdir ki, emal olunan neft məhsulları qlobal tələbi tam ödəyə bilmirdi.

Hörmüz boğazı vasitəsilə gündəlik 20 milyona yaxın barrel neft və neft məhsulu daşınır. Əgər münaqişə genişlənərsə, Qırmızı dənizdə və digər dəniz marşrutlarında neft tankerlərinin hərəkətində ciddi problemlər yarana bilər.

Məsələn, Bab əl-Məndəb boğazından gündəlik 2,9 milyon barrel xam neft keçir. Süveyş kanalı vasitəsilə isə gündəlik 4,9 milyon barrel xam neft daşınır. Bu regionlarda vəziyyət gərginləşərsə, neft infrastrukturu risk altına düşəcək və bu, qiymət artımına səbəb olacaq.

Son illərdə neft-qaz sektoruna investisiyalar azalıb. Geoloji kəşfiyyat və yeni yataqların işlənməsi üçün yatırımlar kifayət qədər deyil. Bu isə uzunmüddətli perspektivdə təklifin artımını məhdudlaşdırır.

Bununla yanaşı, qlobal tələbat artmaqda davam edir. Enerji keçidi prosesi hələlik ənənəvi enerji mənbələrini əvəz edə bilmir. Bu səbəbdən neft qiymətlərinin yaxın perspektivdə aşağı düşməsi gözlənilmir.

- Qeyd etdiyiniz kimi, İranın dünya neft bazarında payı böyükdür. Bu həcmləri başqa ölkələr əvəz edə bilərmi?

- 1979-cu il İslam İnqilabına qədər İran gündəlik 6 milyon barrelə yaxın neft hasil edirdi. Sanksiyalardan sonra xarici şirkətlər ölkəni tərk etdi və hasilat azaldı. Hazırda İranın gündəlik hasilatı təxminən 3 milyon barrel civarındadır.

İran həm yüngül, həm orta, həm də ağır neft hasil edir. Bu həcmlərin bazardan çıxması neft növləri arasında balansı pozur. Xüsusilə Asiya bazarlarında bu balansın pozulması qiymət artımına səbəb olur.

- Üç ay sonrakı dövr üçün ən real ssenari nədir?

- Qlobal bazarda qeyri-müəyyənlik davam edəcək. Yeni yataqların açılması azalıb, mövcud yataqlarda hasilat tədricən aşağı düşür. Məsələn, Azərbaycanda 2009-2010-cu illərdə hasilat 50 milyon ton idi, indi isə təxminən 27 milyon tona düşüb. Bu, 50% ə qədər azalma deməkdir.

Yeni yataqlar istismara verilməzsə, təklif azalacaq və qiymətlər artacaq. Alternativ enerji mənbələri də hələ ənənəvi enerjini tam əvəzləyə bilmir.

Ona görə də yaxın aylarda neft qiymətlərinin aşağı düşməsi real görünmür. Əksinə, qiymətlər yüksək və dəyişkən qalacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr