AZ

Uşaqların sosial şəbəkəyə girişi necə dayandırılacaq? - Mütəxəssis AÇIQLADI

Sosial şəbəkələrdə yaş məhdudiyyəti məsələsi hər zaman aktual olub. Bu yaş məhdudiyyətinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur və bununla bağlı ötən həftə dövlət başçısı tərəfindən sərəncam imzalanıb. 

Qeyd edək ki, hazırda 13 yaşlı bir uşaq sosial şəbəkəyə daxil olaraq yaşını 18 kimi qeyd edir və çox rahat şəkildə özünə profil yaradır. Belə olduğu halda necə etmək lazımdır ki, uşaqlar sosial şəbəkə hesabı aça bilməsinlər? Bu məsələni hansı mexanizmlərlə tənzimləmək mümkündür? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan İKT Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, yəqin ki, aidiyyəti orqanlar tərəfindən bu məsələnin qaydaları hazırlanacaq və bu məsələ tənzimlənəcək.

"Böyük Britaniyada bilirsiniz ki, sosial şəbəkələrə giriş məsələsində yaş məhdudiyyəti artırılıb. Yəni aşağı yaşlı uşaqlar bu şəbəkələrə daxil ola bilmirlər və digər 18+ resurslar da çoxdur, bilirsiniz, müəyyən mənada onlara daxilolma məsələsi məhdudlaşdırılıb. Və hər bir mobil operatorun hər bir istifadəçisi, yaşından asılı olmayaraq, həmin şəbəkələrə və ya digər resurslara giriş edirsə, ilkin olaraq özünü identifikasiya etməlidir. İdentifikasiya bir neçə formada olur. Onlardan biri, məsələn, sima ilə identifikasiyadır. Yəni kameranı yandıraraq özünü göstərirsən. Orada sistem var və müəyyən mənada sistem süni intellekt vasitəsilə müəyyən edir ki, bu şəxsin 18+ yaşı var və bunun üçün heç bir problem yoxdur, yəni istifadə edə bilər. Bundan sonra şəxs bir dəfə identifikasiya olunur və sonradan həmin mobil operatorun sistemində qeyd olunur ki, bu şəxs real olaraq 18+dur, yaşı uyğundur və hər hansı bir şəbəkəyə daxil olduqda bundan rahat istifadə edə bilir.

İkinci forma isə aidiyyəti sənədlərin təqdim edilməsidir. Məsələn, mobil operator tələb edir ki, sən sənədini göstər ki, sənin doğrudan da 18+ yaşın var. Şəxs də sənədi təqdim edir. Bu seçimlidir, yəni iki formadan biri ola bilər və istifadəçi özü seçim edir. Seçimini bildirir ki, məsələn, sənədləri təqdim edir. Çünki bəzi hallarda ola bilər ki, məsələn, şəxsin 19-20 yaşı var, amma cavan görünür və onun üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi zəruri olur. Bundan sonra isə artıq bir dəfə bu identifikasiya keçdikdən sonra mobil operatorun sistemində qeyd olunur və dövlət tərəfindən icazə verilmiş resurslara istifadəçi daxil ola bilir. Çünki bilirsiniz ki, bəzi ölkələrdə müəyyən resurslara məhdudiyyətlər qoyula bilər, amma mən indi icazə verilmiş resurslardan danışıram. Həmin istifadəçi bu resurslara daxil ola bilir və artıq ondan hər dəfə identifikasiya tələb olunmur. Bir dəfə identifikasiya olunur və mobil operatorun sistemində qalır ki, məsələn, filan nömrəli abunəçi 18+ statusundadır".

Müsahibimiz həmçinin əlavə etdi ki, mobil nömrənin sahibi üzərindən məhdudiyyət qoymaq da tam düzgün deyil:

"Çünki, məsələn, mobil nömrə valideyn tərəfindən alınıb və uşağın istifadəsinə verilib. Əgər biz yalnız mobil nömrənin sahibinin 18+ olmasına əsaslansaq, bu düzgün olmaz. Yəni mütləq şəkildə sahib yox, real istifadəçi identifikasiya olunmalıdır. Real istifadəçi mən dediyim formada, real vaxt rejimində daxil olur, ya simasını göstərir, ya da sənədini təqdim etməklə identifikasiyanı təsdiqləyir və bundan sonra istifadə edir. Çünki belə məsələlər dəqiq tənzimlənməlidir. Məncə, ən optimal forma budur. Ola bilsin ki, başqa variantlar da var, amma mənə görə ən optimal yol budur. Əgər lazım gələrsə, bunu veb üzərindən də etmək olar. Yəni hər hansı bir istifadəçi bu qaydada identifikasiya oluna bilər. Amma bir məsələni də qeyd etmək istəyirəm ki, düzdür, dövlət bu məsələyə müdaxilə etməyə məcbur oldu, çünki cəmiyyətimiz doğrudan da böyük problemlər yaşayır. Amma mən hesab edirəm ki, bunu yalnız valideynlərin etinasızlığı ilə izah etmək də olar. Çünki valideynlər bəzən uşaqlarının psixologiyasına yetərincə diqqət göstərmirlər. Onlar elə hesab edirlər ki, uşaq evdədir, bayıra çıxmır, deməli təhlükəsizdir. Amma uşaq internet vasitəsilə istədiyi məzmuna baxa bilir, müxtəlif resurslara, sosial şəbəkələrə və 18 yaşa qədər icazə verilməyən platformalara daxil ola bilir".

Mütəxəssis vurğuladı ki, valideyn nəzarəti birinci və ən güclü mərhələ olmalıdır:

"Bilirsiniz ki, bütün qadcetlərdə, texniki vasitələrdə, smartfonlarda, kompüterlərdə, planşetlərdə valideyn nəzarəti funksiyası mövcuddur. Həmin funksiyanı tətbiq etməklə uşaqların müəyyən resurslara daxil olması məhdudlaşdırıla bilər. Bununla yanaşı, bir məqamı da qeyd etmək istəyirəm ki, məsələ yalnız resurslarla bağlı deyil, həm də vaxt məhdudiyyəti ilə bağlıdır. Yəni uşaq hətta qanuni icazə verilmiş resurslara daxil olsa belə, saatlarla, günlərlə orada vaxt keçirə bilər və nəticədə təhsilindən geri qala, real həyatdan uzaqlaşa bilər. Bu baxımdan valideyn nəzarəti vasitələri vaxt məhdudiyyəti tətbiq etməyə də imkan verir. Məsələn, gündə yalnız bir saat internetdən istifadə edə bilər. Bu müddət yarım saat, bir saat yarım və ya iki saat da ola bilər. Bu məhdudiyyəti valideyn müəyyən etməlidir. O zaman doğrudan da real nəzarət təmin olunar. Çünki dövlət tərəfindən nəzarət gücləndirilsə belə, vaxt məsələsi birbaşa valideynin üzərinə düşür. Mən hesab edirəm ki, valideynlər bu məsələyə şəxsən və birbaşa nəzarət etməlidirlər".

Nuriyyə NATİQQIZI

Seçilən
21
redaktor.az

1Mənbələr