AZ

İrandakı böhran Azərbaycan bazarına təsir edəcək?

“Son baş verən hadisələr fonunda İran iqtisadiyyatında istehsal prosesinin pozulması və eyni zamanda ixrac qabiliyyətinin zəifləməsi qaçılmazdır. Təbii ki, bu nəticələr prosesin davametmə müddətindən birbaşa asılı olacaq. Proses nə qədər uzun sürərsə, fəsadlar da bir o qədər dərinləşəcək”.Bu fikirləri iqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib. O qeyd edib ki, bu şəraitdə İran iqtisadiyyatı hətta daxili tələbatın ödənilməsində belə ciddi çətinliklərlə üzləşə bilər. İstehsalda fasilələrin yaranması, tədarük zəncirinin pozulması və İrandan ixraca müəyyən məhdudiyyətlərin tətbiqi ehtimalı istisna deyil. Ekspertin sözlərinə görə, bu vəziyyət Azərbaycan üçün də müəyyən çətinliklər yarada bilər: “Hazırda Azərbaycanın ümumi idxalının təxminən 4–5 faizi İranın payına düşür. İki ölkə arasındakı ticarət əlaqələri əsasən İrandan idxal üzərində formalaşıb. Ötən il İrandan 600 milyon dollardan artıq dəyərdə məhsul idxal edilib. Bu məhsulların bir hissəsi yerli istehsalın ehtiyaclarını ödəmək üçün xammal kimi istifadə olunur, əhəmiyyətli hissəsi isə gündəlik tələbat, ərzaq və məişət məhsullarından ibarətdir. Həmin məhsullar xüsusilə aşağı və orta gəlirli sosial qruplar üçün qiymət baxımından daha əlverişlidir. Çünki İranda istehsal olunan mallar Azərbaycan bazarında əsasən qiymət üstünlüyü ilə rəqabət aparır. Qeyd olunan proseslərin pozulması nəticəsində həm İran mənşəli məhsulların Azərbaycan bazarında bahalaşması, həm də İrandan idxal mümkün olmadıqda alternativ bazarlara yönəlmənin əlavə xərclər yaratması gözləniləndir. Bu isə əvəzedici məhsulların daha yüksək qiymətlərlə təklif olunmasına səbəb olacaq”. R.Həsənov əlavə edib ki, mövcud müharibə və ya gərginlik şəraiti idxaldan asılı daxili istehlakın təxminən 3-4 faizində qiymət artımına gətirib çıxara bilər. Bu artım isə ən çox aşağı və aşağı-orta gəlirli sosial qruplara təsir göstərəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
28
metbuat.az

10Mənbələr