AZ

“Qafqaz evi” ideyası ilk dəfə Rəsulzadə tərəfindən irəli sürülüb Politoloq

ain.az bildirir, Sherg.az portalına istinadən.

İndi bu ideyanın taleyi sülhdən asılıdır

Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün region ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi və birgə səylərin artırılması vacibdir.

Bu fikirləri Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski səsləndirib. O bildirib ki, Gürcüstan üçün Azərbaycan və Ermənistanla məsləhətləşmələr xüsusi əhəmiyyət daşıyır və bölgədə sülhün möhkəmləndirilməsi istiqamətində dialoq davam etdirilməlidir.

Vitse-spiker vurğulayıb ki, region ölkələri iqtisadi artım templərini qoruyub saxlamalı, sərmayə axınının dayanmasının qarşısını almalıdırlar. Onun sözlərinə görə, iqtisadi inkişafın davamlılığı birbaşa sabit mühitdən asılıdır.

Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılmasını Azərbaycan təklif edib:

“2023-cü ilin noyabrında Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı bu formatın yaradılması ilə bağlı təşəbbüs səsləndirilib. Gürcüstan tərəfi də bunu müsbət qarşılayıb. Həmin dövrdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar davam edirdi. Hazırda sülh sazişinin mətni razılaşdırılıb və paraflanıb. Yəni Cənubi Qafqazda sabitliyə əsaslanan əməkdaşlıq formatının formalaşması üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Bunun üçün isə şərtlər məlumdur: Ermənistan Konstitusiyasında dəyişikliklər edilməli, ardınca sülh sazişi imzalanmalıdır. Sülh müqaviləsi imzalanarsa, Azərbaycan və Ermənistan arasında etimad mühiti güclənər. Bu isə üç Cənubi Qafqaz ölkəsinin birgə regional təşəbbüslərini reallaşdırmasına real zəmin yaradar”.

Analitik qeyd edib ki, “Qafqaz evi” ideyası yeni deyil:

“Bu ideya ilə bağlı ilk təşəbbüslər təxminən 100 il əvvəl Məhəmməd Əmin Rəsulzadə tərəfindən irəli sürülüb. 1920–30-cu illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, Sovet İttifaqının mövcudluğu səbəbindən layihənin reallaşdırılması mümkün olmayıb. Həmçinin 1990-cı illərin əvvəllərində də bu ideya yenidən aktuallaşmışdı. Lakin həmin dövrdə regionda münaqişələrin alovlanması, xüsusilə Azərbaycan ərazilərinin işğalı prosesi dayanmağa məcbur etdi. Ona görə də əsas şərt dəyişməz qalır: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, kommunikasiyalar açılmalı və etimad mühiti formalaşmalıdır. Yalnız bundan sonra “Qafqaz evi” ideyasının institusional əsasda formalaşması və real məzmun qazanması mümkündür. Əks halda, bu təşəbbüs sadəcə şüar səviyyəsində qalacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
sherg.az

1Mənbələr