AZ

“Drujba” neft kəməri yenidən istismara yararlıdır

Budapeşt, 3 mart, AZƏRTAC

Macarıstanın MOL neft və qaz şirkətinin rəhbəri Zsolt Hernadi bildirib ki, “Drujba” neft kəmərində təmiri mümkün olmayan heç bir ziyan aşkar edilməyib.

AZƏRTAC xəbər verir ki, o, bu açıqlamanı ATV kanalındakı “Egyenes beszéd” proqramının efirində verib.

Hernadinin sözlərinə görə, obyektin yaxınlığında baş verən yanğından sonra boru kəmərində fəlakətli texniki ziyan əlamətləri aşkar edilməyib. O qeyd edib ki, yanğın zamanı eskalasiya riskini azaltmaq və vəziyyəti sabitləşdirmək üçün digər saxlama yerlərindən neft vurulurmuş.

Şirkət rəhbəri onu da bildirib ki, həmin dövrdə Macarıstan tərəfi təxminən 35.000 ton neft alıb və kəmər vasitəsilə bir neçə gün ərzində nəql edib. Onun sözlərinə görə, bu, boru kəmərinin özünə dəyən ziyanın olmadığını təsdiqləyir.

Lakin boru kəməri ilə neft tədarükü hələ tam bərpa olunmayıb. Hernadi bunun onunla izah edib ki, nəqli bərpa etmək qərarı Ukrayna tərəfindən asılıdır və hələ qəbul edilməyib. O, həmçinin beynəlxalq vəziyyətin neft bazarına təsirini də qeyd edib. Şirkətin rəhbəri bildirib ki, Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərinin 10%-dən çox artmasına səbəb olub.

Hernadi əlavə edib ki, bunun enerji bazarı və təchizatı üçün uzunmüddətli nəticələri qeyri-müəyyən olaraq qalır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
27
2
azertag.az

3Mənbələr