AZ

Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır

Bakı, 3 mart, AZƏRTAC

Mayın 1-dən 3-dək Bakıda növbəti “Beynəlxalq Xalça Festivalı” baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, festival mayın 1-də Bakı Biznes Mərkəzində “Xalça sənayesi: Dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusunda Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı, tədqiqatçı, ixrac və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

Mayın 2-3-də festival İçərişəhərin tarixi küçələrində davam edərək, qədim karvansaralar, meydanlar, tarixi evlər xalça sərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edəcəklər. Bundan əlavə bir neçə məşhur xarici və yerli rəssamların İçərişəhərdə yerləşən qalereyalarında sərgiləri də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan xalçaçılarının peşə bayramı, “Xalçaçı günü”nə həsr olunan Xalça Festivalı bu il həm də “Azərxalça” ASC-nin 10 illik yubiley tarixinə təsadüf edir.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

Üç gün davam edəcək xalça bayramına qatılmaq istəyən hər kəs festival barədə ətraflı məlumatı bakucarpetfest.az saytından, bakucarpetfest Instagram ünvanından əldə edə bilər. Əlavə suallar üçün isə [email protected]  elektron poçt ünvanına müraciət etmək mümkündür.

Xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyaya tanıtmaq üçün hər kəsi Bakı “Beynəlxalq Xalça Festivalı”na, İçərişəhərə dəvət edirik!

Seçilən
6
8
azertag.az

10Mənbələr