AZ

BƏƏ də neft zonasına PUA hücumu Fuceyrədə güclü yanğın başlayıb

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Martın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə əmirliyində yerləşən neft-sənaye zonasında yanğın baş verib. Yerli medianın məlumatına görə, hadisə İran pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra qeydə alınıb.

Rəsmi açıqlamada bildirilir ki, yanğına hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan dronun qalıqları səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının lokallaşdırıldığı və ərazidə işlərin bərpa olunduğu qeyd edilir.

“Bloomberg” yazır ki, bundan əvvəl də eyni ərazidə yanğın qeydə alınıb, martın 2-də isə neft emalı zavodu və iri neft saxlama terminalının fəaliyyəti müvəqqəti dayandırılıb.

Fuceyrə Yaxın Şərqin ən mühüm bunkerləmə limanlarından və neftin saxlanması və ticarəti üzrə əsas mərkəzlərindən biridir. Ən önəmlisi isə onun Hörmüz boğazından kənarda yerləşməsidir. Bu, limanı İranın mümkün blokada risklərinə alternativ ixrac marşrutu kimi strateji əhəmiyyətli edir.

BƏƏ Müdafiə Nazirliyi bildirib ki, fevralın 28-dən - yəni ABŞ və İsrailin İrana qarşı əməliyyata başladığı gündən ölkənin hava məkanında 812 İran dronu aşkarlanıb. Onlardan 755-i məhv edilib, 57-si ölkə ərazisinə düşüb,

Həmçinin 8 qanadlı raket zərərsizləşdirilib.

Rəsmi məlumata görə, İran hücumları nəticəsində 3 nəfər həlak olub, 68 nəfər isə yüngül xəsarət alıb.

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı əməliyyata başlamasından sonra Tehran yalnız İsraili deyil, regionun digər ölkələrini də hədəfə almağa başlayıb. Məlumata görə, İran hərbçiləri Səudiyyə Ərəbistanında “QatarEnergy” terminalına və “Saudi Aramco” neft emalı zavoduna zərbələr endirib.

Hücumdan sonra “QatarEnergy” mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını, eləcə də polimer və metanol daxil olmaqla digər məhsulların istehsalını müvəqqəti dayandırıb.

Enerji təhlükəsizliyi üçün siqnal

Fuceyrə limanı BƏƏ üçün təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan kritik infrastrukturdur. Hörmüz boğazından yan keçən əsas ixrac qovşağı kimi onun hədəfə alınması enerji bazarlarında əlavə risklər yaradır. Analitiklər hesab edirlər ki, regionda enerji obyektlərinin ardıcıl hədəfə çevrilməsi qlobal neft və qaz qiymətlərində yeni sıçrayışlara səbəb ola bilər.

Yaxın Şərqdə qarşıdurma artıq hərbi sərhədləri aşaraq enerji təhlükəsizliyi müstəvisində də genişmiqyaslı nəticələr doğurmağa başlayıb.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr