AZ

Laosda ümummilli poliomielit peyvəndi kampaniyasına başlanılıb

Bakı, 4 mart, AZƏRTAC

Laosda uşaqları poliomielitdən qorumaq məqsədilə ümummilli peyvənd kampaniyasına başlanılıb.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Laos Səhiyyə Nazirliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüs ölkənin milli immunizasiya proqramının gücləndirilməsinə yönəlib. Nazirliyin məlumatına görə, kampaniya ölkə üzrə 800 mindən çox uşağı əhatə edəcək. Bunun üçün tibb işçiləri və könüllülər səfərbər olunub.

Bildirilib ki, 2025-ci ildə ölkədə laboratoriyada təsdiqlənmiş poliomielit və qızılca halları qeydə alınıb. Xəstəliklərin yayılması bir sıra əyalət və rayonlarda, xüsusən sərhəd kəndlərində müşahidə olunur. Kampaniya çərçivəsində ölkə üzrə beş yaşadək bütün uşaqlara poliomielit və qızılca-məxmərək peyvəndi vurulacaq. Məqsəd həm şəhər, həm də kənd yerlərində yaşayan uşaqların tam peyvənd kursu ilə əhatə olunmasını təmin etməkdir.

Seçilən
92
1
azertag.az

2Mənbələr