AZ

İran Rusiyadan “FindFace” üz tanıma sistemini ALIB – Gizli SÖVDƏLƏŞMƏ

İran Rusiyanın “FindFace” üz tanıma sistemini əldə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri və “Forbidden Stories” layihəsinin birgə araşdırmasında məlumat yayılıb.

Araşdırma nəticəsində məlum olub ki, İran Rusiyanın “NtechLab” şirkəti tərəfindən hazırlanmış “FindFace” üz tanıma sistemini satın alıb.

Sövdələşmənin 2019-2021-ci illər arasında həyata keçirildiyi bildirilir.

Məlumata görə, İranın “Rasadco” şirkəti proqramı Rusiyadan aldıqdan sonra daha böyük olan “Kama” şirkətinin tərkibinə daxil olub.

Daha sonra bu proqram təminatı İranın dövlət qurumlarına, o cümlədən Kəşfiyyat Nazirliyinə və Məşhəd şəhər hakimiyyətinə satılıb.

Qeyd olunur ki, “NtechLab” şirkəti jurnalistlərin və müxaliflərin izlənilməsinə şərait yaratdığı üçün 2023-cü ildən bəri Avropa İttifaqı və ABŞ-nin sanksiyalar siyahısındadır.

Şirkətin təsisçilərinin hələ 2021-2022-ci illərdə Rusiyanı tərk etdikləri bildirilir.

“FindFace” texnologiyası hakimiyyət orqanlarına küçə, metro və mağaza kameralarından alınan görüntüləri sürətlə emal etmək imkanı verir.

Bu sistem vasitəsilə əldə olunan kadrlar pasport və sürücülük vəsiqəsi bazalarındakı fotoşəkillərlə müqayisə edilərək şəxslərin kimliyi dərhal müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
119
interpress.az

1Mənbələr