AZ

AMXM da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış rəssam Cəmilə Həşimovanın “Gözəllik aşiqi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Mia.az-ın məlumatına görə, tədbirdə muzeyin direktoru Əminə Məlikova, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar Birliyinin katibi, Xalq rəssamı Ağəli İbrahimov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva çıxış ediblər. Natiqlər Cəmilə Həşimovanın yaradıcılıq yolunun, onun milli ənənələrə söykənən, eyni zamanda müasir bədii təfəkkürlə zənginləşən üslubunun Azərbaycan təsviri sənətində özünəməxsus yer tutduğunu vurğulayıblar.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində Cəmilə Həşimovanın əsəri əsasında toxunmuş “Yol” adlı xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi baş tutub.

Burada sərginin ideyasını tamamlayan “Gizli qanadlar” animasiya filmi nümayiş olunub, müəllifin dilindən şeir səsləndirilib. Eyni zamanda, Əməkdar artist Elnarə Kəbirlinskaya qonaqlar üçün pianoda əsərlər ifa edib.

Qeyd edək ki, müəllifin zəngin bədii dünyasını, fərdi yaradıcılıq üslubunu və estetik baxışını geniş auditoriyaya təqdim etmək məqsədi ilə təşkil olunan sərgidə 50-yə yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir. Rəssamın yaradıcılığında əsas motivləri müxtəlif interpretasiyalarda təqdim olunan qadın obrazları, çiçəklər, quşlar və təbiət formaları təşkil edir. Açıq rəng palitrası, yumşaq ton keçidləri və detallara həssas yanaşma ekspozisiyanın ümumi vizual poetikasını müəyyənləşdirir.

Layihədə xüsusi yer tutan “Yol” əsərində təsvir olunan şəhər mənzərəsi, evlər və hərəkətdə olan insan fiquru simvolik məna daşıyır. Əsərdə ənənəvi toxuculuq texnikası ilə müasir müəllif baxışının vəhdəti burada harmonik şəkildə təcəssüm tapır.

Cəmilə Həşimova Roma, Paris, Sofiya, Brüssel, Berlin və digər şəhərlərdə keçirilmiş fərdi sərgilərin müəllifidir. Onun əsərləri müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda qorunur. “Gözəllik aşiqi” sərgisi rəssamın fərdi üslubunu və bədii mövqeyinin ardıcıllığını nümayiş etdirən növbəti əlamətdar mədəni hadisə kimi dəyərləndirilir.

Sərgi martın 8-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
mia.az

2Mənbələr