AZ

Trampın müharibə qərarı səsverməyə çıxarılır

ABŞ Konqresi bu həftə prezident Donald Trampın qanunvericilərin açıq təsdiqi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanını məhdudlaşdıra biləcək qətnamə layihəsini səsverməyə çıxarmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, məsələ ABŞ qüvvələrinin İsraillə birlikdə İran daxilindəki hədəflərə zərbələr endirməsindən bir neçə gün sonra aktuallaşıb. Administrasiya bu addımı “qaçılmaz təhlükəyə cavab” kimi təqdim etsə də, Demokratların əksəriyyəti bunu Konqresin icazəsi olmadan həyata keçirilmiş müharibə aktı kimi qiymətləndirir. Söhbət 1973-cü ildə qəbul edilən və Vyetnam müharibəsindən sonra Konqresin səlahiyyətlərini bərpa etməyi hədəfləyən “Müharibə Səlahiyyətləri Qanunu”ndan gedir. ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Prezident isə silahlı qüvvələrin baş komandanıdır. ABŞ tarixində prezidentlər milli təhlükəsizlik məsələlərini əsas gətirərək geniş şərhlər əsasında hərbi əməliyyatlara başlayıblar. 1973-cü il qanunu prezidentə yalnız ABŞ birbaşa hücuma məruz qaldıqda və ya qaçılmaz təhlükə ilə üzləşdikdə Konqresin əvvəlcədən təsdiqi olmadan qoşun yeritməyə icazə verir.

Eyni zamanda prezident belə hallarda Konqresə dərhal məlumat verməli və qanunvericilər 60 gün ərzində əməliyyata rəsmi icazə verməzsə, qüvvələri geri çəkməlidir. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pet Hegset Konqres üzvlərinə brifinq verərək bildiriblər ki, İsrailin əməliyyat planları və İranın ABŞ qüvvələrinə mümkün cavabı “qaçılmaz təhlükə” təşkil edib. Nümayəndələr Palatasının spikeri Mayk Conson isə prezidentin baş komandan kimi səlahiyyətləri çərçivəsində hərəkət etdiyini və zərbələrin “məhdud, müdafiə xarakterli” olduğunu bildirib. Senatda qətnamənin təşəbbüskarlarından biri, demokrat senator Tim Keyn hesab edir ki, həftələrlə davam edə biləcək və artıq amerikalıların həyatına son qoyan bir münaqişəyə qoşulmaq məsələsində Konqres səs verməlidir. Demokratlar administrasiyanı əməliyyatın məqsədləri ilə bağlı ziddiyyətli açıqlamalar verməkdə ittiham edirlər – İranın nüvə proqramı, ballistik raketlər və hətta rejim dəyişikliyi barədə fərqli əsaslandırmalar səsləndirildiyini bildirirlər. Prezident Tramp isə əməliyyatların qarşıya qoyulan hədəflərə çatana qədər davam edəcəyini və kampaniyanın bir neçə həftə çəkə biləcəyini açıqlayıb.

Qətnamə hər iki palatada qəbul edilsə belə, prezident veto hüququndan istifadə edə bilər. Vetonun ləğvi üçün isə həm Nümayəndələr Palatasında, həm də Senatda üçdə iki səs çoxluğu tələb olunur ki, hazırkı siyasi balans fonunda bu, olduqca çətindir. Respublikaçılar hər iki palatada cüzi üstünlüyə malikdirlər və əksəriyyətin prezidentin mövqeyini dəstəkləyəcəyi gözlənilir. Beləliklə, qətnamə qəbul edilsə belə, hərbi əməliyyatların dərhal dayandırılması ehtimalı azdır. Lakin sənədin siyasi və konstitusion əhəmiyyəti böyükdür. Bu səsvermə Konqresin prezident Trampın müharibə səlahiyyətlərinə nə dərəcədə nəzarət etmək istədiyini açıq şəkildə göstərəcək. ABŞ siyasətində prezidentin hərbi güc tətbiq etmək səlahiyyətlərinin sərhədləri ilə bağlı mübahisə onilliklərdir davam edir və İran əməliyyatı bu müzakirəni yenidən alovlandırıb.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr