AZ

Gizli plan ortaya çıxdı – “kürd kartı” işə salınır

 

ABŞ mətbuatında sensasiya doğuran iddia yayılıb. Musavat.com-un CNN-ə istinadən yaydığı xəbərə görə, CIA İran daxilində xalq üsyanını sürətləndirmək məqsədilə kürd silahlı qruplarının silahlandırılması variantı üzərində işləyir. Məlumata əsasən, Donald Trampın birinci prezidentliyi dövründə İran müxalifəti və İraqdakı kürd liderləri ilə aktiv danışıqlar aparılıb. Məqsəd İranın qərbində, əsasən İran-İraq sərhədi boyunca fəaliyyət göstərən və bazaları İraq Kürdüstanında yerləşən kürd silahlı dəstələrinə hərbi dəstək verilməsi olub. İddialara görə, ssenari belədir: kürd silahlı qüvvələri İranın təhlükəsizlik strukturlarını – xüsusən də SEPAH-ı sərhəd bölgələrində məşğul etməli, bununla da Tehran, Təbriz və digər böyük şəhərlərdə silahsız əhalinin küçələrə çıxması üçün “pəncərə” açılmalıdır.

Mənbələr bildirir ki, məqsəd təhlükəsizlik qüvvələrinin diqqətini yayındırmaq və mümkün etirazların qarşısının əvvəlki kimi sərt şəkildə alınmasının qarşısını almaqdır. SEPAH artıq kürd qruplaşmalarına qarşı onlarla pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyini açıqlayıb. Bu isə regionda hərbi gərginliyin artdığını göstərir. Məlumata görə, Tramp İran Kürdüstanı Demokrat Partiyasının lideri Mustafa Hijri ilə telefon danışığı aparıb. Söhbətdə mümkün əməkdaşlıq və İran daxilində əməliyyat perspektivləri müzakirə olunub. Eyni zamanda, ABŞ-ın İraqdakı kürd rəhbərliyi ilə də əlaqə saxladığı, silah tranziti və İraq Kürdüstanının mümkün plasdarm kimi istifadəsi məsələsinin gündəmdə olduğu bildirilir. Bu isə rəsmi Bağdad üçün son dərəcə həssas və suverenlik baxımından riskli məsələdir. Mənbələr bildirir ki, son günlər İsrail hərbi qüvvələri İran-İraq sərhədi boyunca hərbi və polis mövqelərinə zərbələr endirir. Bu zərbələrin bir hissəsinin mümkün kürd yerüstü əməliyyatları üçün zəmin hazırlamaq məqsədi daşıdığı iddia olunur.

Kürd


Hətta bəzi ehtimallara görə, kürd qüvvələrinin İranın şimal-qərbində ərazi ələ keçirərək İsrail üçün “bufer zona” yaratması ssenarisi də müzakirə olunur. Bu isə artıq regionun geosiyasi xəritəsinin dəyişdirilməsi anlamına gələ bilər. CNN-ə danışan sabiq Pentaqon rəsmisi Aleks Plitsas bildirib ki, Vaşinqton açıq şəkildə İran rejiminin daxildən devrilməsini sürətləndirməyə çalışır. Onun fikrincə, İran cəmiyyəti silahsızdır və təhlükəsizlik aparatı dağılmadan hakimiyyət dəyişikliyi çətin görünür. Lakin sabiq Dövlət Departamenti rəsmisi Cen Qavito bu planın nəticələrindən narahatdır. Onun sözlərinə görə, kürdlərin silahlandırılması İraqın suverenliyini poza, bölgədə nəzarətsiz silahlı qrupların güclənməsinə gətirib çıxara və yeni xaos dalğası yarada bilər. ABŞ kəşfiyyat qiymətləndirmələrinə görə, İran kürdləri hazırda mərkəzi hakimiyyətə qarşı uğurlu və genişmiqyaslı üsyan təşkil etmək üçün yetərli resurs və təsir gücünə malik deyil. Üstəlik, kürd siyasi qüvvələri arasında parçalanma, ideoloji fərqlər və qarşılıqlı etimadsızlıq var. Digər tərəfdən, İran kürd partiyaları mümkün iştirak üçün Vaşinqtondan siyasi təminatlar gözləyir. Bu isə göstərir ki, proses təkcə hərbi deyil, ciddi siyasi sövdələşmələr mərhələsindədir. Belə bir ssenari reallaşarsa, İran daxilində vətəndaş qarşıdurması riski artacaq, İraqın şimalı yeni hərbi qarşıdurma zonasına çevrilə bilər. Türkiyə faktoru aktivləşə bilər, çünki Ankara kürd silahlı strukturlarına qarşı həssas mövqe tutur. İsrail–İran qarşıdurması birbaşa yerüstü müstəviyə keçə bilər. Rəsmi Vaşinqton və CIA məsələyə şərh verməkdən imtina edib. Lakin yayılan məlumatlar göstərir ki, İran ətrafında formalaşan hərbi-siyasi halqa daralır və proses artıq açıq geosiyasi mübarizə mərhələsinə keçib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
77
8
musavat.com

10Mənbələr