"İranın məqsədi təkcə İsrail və ABŞ-yə cavab vermək yox, eyni zamanda müharibəni şaxələndirməkdir. Müharibəni şaxələndirmək nəyə lazımdır? İran endirdiyi zərbələrlə nəinki ərəb ölkələrini, eyni zamanda Yunanıstanı, Böyük Britaniyanı, Fransanı da proseslərə qoşub. Təbii ki, adı çəkilən ölkələr İrana hücum etmir. Misal üçün, Fransa imzaladığı müqavilələr gərəyi ərəb ölkələrini müdafiə edir. İran "Hizbullah"ı prosesə qoşmaqla ABŞ və İsrailin gücünü parçalamağı hədəfləyir".
Ölkə.Az xəbər verir ki, bunu hərbi ekspert Səxavət Məmməd bildirib.
O, İsrailin məcburiyyətdən Livana qarşı hərbi əməliyyatlar həyata keçirdiyini qeyd edib: "Colan təpələri istiqamətinə isə əlavə qüvvə toplayır. Eyni zamanda, hazırkı Suriya hakimiyyəti "Hizbullah"dan gələ biləcək təhlükəni önləmək üçün Livan sərhədinə minlərlə raket və canlı qüvvə cəmləyib və bunu da narkotiklə mübarizə adı altında həyata keçirdiyini bəyan edir. Dolayısı ilə İran bu məsələdə istədiyinə nail olur desək, yanılmarıq".

Ekspertin sözlərinə görə, İranın Ərbili vurmasının əsas səbəblərindən biri kürd qruplaşmalarına verilən mesaj idi, həm də İraqdakı şiə qruplarını aktivləşdirməyə xidmət edirdi. Yeri gəlmişkən, bəzi kürd qrupları İran sərhədini keçməyə cəhd edib və onların dronlarla, minaatanlarla sıradan çıxarılması yönündə videogörüntülər yayılıb.
ABŞ tərəfinin də kürd qruplarını silahlandıracağı yönündə iddialar var. ABŞ-nin onsuz da buna gedəcəyi gözlənilən idi. Ona görə də İran qabaqlayıcı addımlar atırdı. Qeyd edirdim ki, bu müharibə uzun müddət kontaktsız şəkildə davam edə bilməz. Quru əməliyyatları olacaqsa, bu mütləq şəkildə İraq ərazisində olacaq. İraqda kürd qrupları da, şiə qrupları da kifayət qədər güclüdür. İndidən quru əməliyyatlarının son dərəcə ağır olacağını təxmin etmək mümkündür. Əgər kürd qrupları hərəkətə keçərsə və təhdid yaranarsa, onlara qarşı Türkiyənin prosesə qoşulmaq ehtimalı var. Nəzərə almaq lazımdır ki, kürd problemi Türkiyə, Suriya və İraqın ortaq problemidir".

"Kürd qrupları İran daxilində hansısa problem yarada bilərmi?" sualına gəldikdə isə Səxavət Məmməd bildirib ki, bu mümkün variantdır: "Ancaq onu da qeyd etməkdə fayda var ki, İran Müdafiə Nazirliyinin quru qoşunları, SEPAH, SEPAH-a bağlı bəzi korpuslar və sayı milyondan çox göstərilən "Bəsic"lər var. Faktiki İranın canlı qüvvələri hazırda fəaliyyətsizdir. Onların döyüşlərə hazırlaşdığı ehtimalı yüksəkdir. Ərazisi böyük olan ölkələrin manevr imkanları da çox olur. Ona görə də İran daxilinə münaqişənin sıçraması ilə prosesin kontroldan çıxma ehtimalı yüksək görünmür. Ancaq İraqdakı şiələr, türkmənlər və Suriyadakı türkmənlər də müharibəyə cəlb olunarsa, bu, son dərəcə qanlı bir savaşla nəticələnəcək".
Hərbi ekspert vurğulayıb ki, müharibədən əvvəl Hindistan baş nazirinin İsrailə səfər etməsi, ardınca Talibanın Pakistan sərhədində aktivləşməsi onu göstərdi ki, ABŞ və İsrail "Taliban kartı"ndan da istifadə etmək istəyib: "Ancaq Pakistanın ağır zərbələri Talibanı susqunluğa məhkum etdi. Reallıq ondan ibarətdir ki, Taliban İran sərhədində də aktivləşə bilər. Hesab edirəm ki, İran üçün, dolayısı ilə Pakistan üçün ən böyük baş ağrısı bəluclar ola bilər. Hindistan-Pakistan arasında toqquşma baş verərsə və bəluclar da aktivləşərsə, bunun əvvəlcədən ssenariləşdirildiyi ortaya çıxacaq. Bəluclar isə təkcə İran və Pakistanın yox, eyni zamanda Əfqanıstanın da əsas problemidir. Bu məsələ aktivləşərsə, ABŞ və İsrail də İranın qüvvələrini parçalamış olacaq. Yəni eyni zamanda həm kürd qrupları, həm də bəluclarla döyüşmək məcburiyyəti yaranacaq.

Səxavət Məmməd hesab edir ki, ABŞ və İsrail eynən Rusiyanın Ukraynada qısa müddətdə nəticə əldə edəcəyini düşündüyü kimi prosesə başladılar: "Artıq ABŞ okeanın o üzündən sursatlar daşımağa başlayıb. Deyənlər olacaq ki, burada anormal heç nə yoxdur. Bəli. Yəni bir əməliyyat planlananda nə qədər sursatdan, hansı silahlardan istifadə ediləcəyi əvvəlcədən müəyyən edilir. Yeri gəlmişkən, 12 günlük İran-İsrail toqquşmasının 9-cu günündən etibarən İsrail tərəfi helikopterlərlə İran dronlarını "ovlamağa" başlamışdı. Qərbin analitikləri də bunu HHM sistemlərinin raketlərinin tükənməsi ilə əlaqələndirirdilər. Artıq İsrail İran dronlarının ovuna müharibənin 3-cü günündən helikopterlərlə çıxmağa başlayıb. İsrail də fərqindədir ki, proses uzanacaq".

Mütəxəssisin fikrincə, İranın müqaviməti artdıqca və davam etdikcə, ABŞ və İsrail tərəfi yeni şeylər düşünmək məcburiyyətində qalacaqlar: "Əlavə olaraq qeyd edim ki, ABŞ-nin kürd qruplarını aktivləşdirməsi məsələsi də bir növ "tükənmə" ehtimalı ilə bağlıdır. Qeyd etdiyim kimi, sursat tükənməyən sərvət deyil. Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun keçmiş baş katibi dəfələrlə bildirmişdi ki, onların anbarları boşalır. Avropanın bir neçə ölkəsi də bunu etiraf etmişdi. "Patriot" raketləri ilə bağlı ABŞ-nin açıqlamaları məlumdur. Ona görə də bəluc, Taliban və kürd faktoru əsas karta çevriləcək.
Dəfələrlə qeyd edirdim ki, İran Hörmüz boğazını bağlayacaq. Bir çoxları buna istehza ilə yanaşırdı, "Çinə görə etməz" deyirdi. Bu insanlar bir şeyi anlamır ki, ölüm-dirim savaşına girən ölkə hansısa ölkənin iqtisadiyyatını düşünməz".