AZ

Uşaqlara sosial şəbəkə QADAĞASI - Valideynlər bunu etməsə...

Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Prezident bir neçə gün əvvəl sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Qərarın əsas məqsədi azyaşlıların internet mühitində zərərli məzmunlardan, psixoloji təzyiqdən və təhlükəli təsirlərdən qorunmasıdır.

Mövzu ilə bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, məsələnin həlli təkcə qanunvericiliklə məhdudlaşmır və burada valideyn məsuliyyəti həlledici rol oynayır.

Deputatın sözlərinə görə, sosial şəbəkələrə uşaqların girişinə qadağa tətbiq edilsə belə, valideynlərin öz mobil telefonları vasitəsilə uşaqlara bu platformalardan istifadə imkanı yaratması gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər: “Əgər uşağın sosial şəbəkəyə girişi qanunla məhdudlaşdırılırsa, valideynin öz telefonu üzərindən buna şərait yaratması sonrakı mərhələdə mənfi psixoloji fəsadlar doğura bilər”.

Ekspertlər hesab edir ki, rəqəmsal platformalarda zorakılıq, asılılıq yaradan kontent, kiberzorakılıq və manipulyativ informasiya axını uşaqların psixoloji inkişafına birbaşa təsir göstərir. Bu səbəbdən yaş məhdudiyyəti yalnız texniki qərar deyil, həm də sosial məsuliyyət mexanizmi kimi qiymətləndirilir.

Lakin əsas sual açıq qalır: qadağalar real nəticə verəcəkmi, yoxsa uşaqlar yenə alternativ yollarla sosial şəbəkələrə daxil olacaqlar?

Mütəxəssislər bildirirlər ki, effektiv nəticə üçün qanunvericilik tədbirləri valideyn nəzarəti, rəqəmsal maarifləndirmə və məktəblərdə media savadlılığının artırılması ilə paralel həyata keçirilməlidir.

Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a qeyd edib ki, əslində, bu cür rəqəmsal texnologiyaların geniş tətbiqindən əvvəl onların yarada biləcəyi zərərlər, fəsadlar və mümkün neqativ təsirlər barədə düşünmək, eyni zamanda, cəmiyyəti bu risklərdən qoruyacaq mexanizmləri formalaşdırmaq vacib idi: “Burada söhbət yalnız Azərbaycandan deyil, bütövlükdə qlobal miqyasda gedir. Çünki rəqəmsallaşma prosesi dünya üzrə paralel şəkildə inkişaf edir və bu texnologiyaların yaratdığı imkanlarla yanaşı riskləri də mövcuddur. Məhz buna görə də cəmiyyətdə bu texnologiyaların neqativ tərəflərini düzgün analiz etmək, onları dərk etmək və müəyyən mənada sosial “immunitet” formalaşdırmaq zəruridir”.

Uşaqların

Sosioloq vurğulayıb ki, Azərbaycan da bu sahədə müəyyən addımlar atan ölkələr sırasındadır: “Xatırlatmaq yerinə düşər ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf üzrə dövlət proqramında rəqəmsal iqtisadiyyatın inkişafı, yeni texnologiyaların tətbiqi və onların təhlükəsiz istifadəsi ilə bağlı mühüm yanaşmalar öz əksini tapmışdı. Bu sənəddə rəqəmsal transformasiyanın yalnız texnoloji tərəfi deyil, həm də təhlükəsizlik aspektləri xüsusi diqqət mərkəzində saxlanılırdı. Daha sonra 2024–2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası qəbul edildi. Həmin strategiyada rəqəmsal mühitdə yaranan risklər, istifadəçilərin texnologiyalardan düzgün istifadə qaydaları və mümkün fəsadların qarşısının alınması məsələləri xüsusi vurğulanırdı. Strategiya cəmiyyətin müxtəlif təbəqələrinin – fərdi istifadəçilərdən tutmuş dövlət qurumlarına qədər – rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirirdi.
Bunun ardınca 19 mart 2025-ci ildə süni intellektlə bağlı milli strategiya qəbul olundu. Həmin sənəddə üç əsas istiqamət ön plana çıxarılmışdı: süni intellektdən istifadənin etik çərçivələri, bu texnologiyalardan istifadə zamanı hüquqi məsuliyyət məsələləri və süni intellekt sistemlərinin təhlükəsiz tətbiqi prinsipləri. Strategiya çərçivəsində müvafiq qurumlara konkret göstərişlər verilmiş, istifadə qaydalarının müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi, neqativ təsirlərin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi, elmi-tədqiqat institutlarının yaradılması və bu sahədə araşdırmaların genişləndirilməsi kimi mühüm məsələlər xüsusi qeyd edilmişdi.
Nəhayət, 27 fevral 2026-cı ildə imzalanan “Rəqəmsal mühitdə uşaqların zərərli kontentdən qorunması” ilə bağlı sərəncamın xüsusi əhəmiyyəti var. Bu sənəd birbaşa olaraq rəqəmsal texnologiyaların uşaqlar və yeniyetmələr üzərində mümkün neqativ təsirlərinə fokuslanır. Sərəncamda bir neçə əsas istiqamət müəyyənləşdirilib.

Birinci istiqamət beynəlxalq təcrübənin öyrənilməsi, rəqəmsal texnologiyaların həm müsbət, həm də mənfi tərəflərinin araşdırılması və uyğun modellərin tətbiqidir. İkinci mühüm məqam təhsil sistemi ilə bağlıdır — dərsliklərdə, tədris proqramlarında və kurikulumlarda rəqəmsal təhlükəsizlik mövzularının yer alması, uşaq və yeniyetmələrin maarifləndirilməsi, onların informasiya mühitində düzgün davranış vərdişlərinin formalaşdırılması nəzərdə tutulur. Digər vacib istiqamət isə Nazirlər Kabinetinə verilən tapşırıqdır: üç ay müddətində bu sahə ilə bağlı hüquqi-normativ aktların hazırlanması və tətbiq mexanizmlərinin müəyyənləşdirilməsi.
Göründüyü kimi, burada əsas prioritetlərdən biri məhz maarifləndirmə məsələsidir. Maarifləndirmə yalnız uşaqları və yeniyetmələri deyil, eyni zamanda valideynləri də əhatə edir. Beynəlxalq təcrübə göstərir ki, bu tip qanun və strategiyaların effektivliyi böyük ölçüdə korporativ sosial məsuliyyət səviyyəsindən və cəmiyyətin bütün iştirakçılarının birgə fəaliyyətindən asılıdır. Yəni prosesdə yalnız dövlət deyil, valideynlər, məktəblər, təhsil müəssisələri, sosial şəbəkə platformaları və ümumilikdə istifadəçilər birlikdə iştirak etməlidirlər”.

Üzeyir Şəfiyev vurğulayıb ki, əgər valideyn məsuliyyətsiz davranaraq sosial şəbəkə mühitini tam nəzarətsiz şəkildə uşağa təqdim edərsə, qəbul olunan strategiya və qanunların effektivliyi də məhdud qala bilər:

“Buna görə də valideyn məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Valideynlər uşaqlar üzərində sərt deyil, lakin düşünülmüş və “yumşaq nəzarət” mexanizmlərindən istifadə etməli, onların hansı sosial şəbəkələrdən istifadə etdiyini, hansı fəaliyyətlə məşğul olduqlarını və hansı kontentlərlə qarşılaşdıqlarını bilməlidirlər”.

Xalidə Gəray
Musavat.com

Seçilən
43
50
musavat.com

10Mənbələr