Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində təqdim olunan "Gəlinlik paltarı" tamaşasının növbəti nümayişi şəhərin mədəni təqvimində yaddaşlara yazılan sənət bayramına çevrildi.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti və tamaşanın quruluşçu rejissoru Laləzar Hüseynova tərəfindən səhnələşdirilən tamaşa yalnız bir dramaturji mətni canlandırmadı, həm də tamaşaçının duyğularına toxunan təsirli sənət hadisəsi idi.
Tamaşada hər səhnə keçidi, hər dramatik pauza tamaşaçı ilə səhnə arasında görünməz, amma güclü bir körpü qurdu. "Gəlinlik paltarı" bu təqdimatla, sadəcə, tamaşa deyil, Lənkəranın mədəni həyatında dərin iz buraxan estetik bir hadisə kimi dəyərləndirildi.
Tamaşadan sonra qonaqları səhnəyə dəvət edən Laləzar Hüseynova qeyd etdi ki, Lənkəran səhnəsi hər zaman ciddi ədəbi materiala üstünlük verib və Hüseynbala Mirələmovun əsərinin seçilməsi buna bariz nümunədir. O vurğuladı ki, tamaşanın hazırlanması prosesində yaradıcı heyət böyük məsuliyyət hissi ilə çalışıb və nəticədə tamaşa həm estetik, həm də ideya baxımından dolğun alınıb.
Laləzar Hüseynova əsərin səhnə həllindən, peşəkar aktyor oyunundan, estetik zövqləri oxşayan tamaşanın ərsəyə gəlməsindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri Qafar Cəfərli Hüseynbala Mirələmovun dramaturgiyasının milli köklərə bağlı olmaqla yanaşı, müasir insanın mənəvi axtarışlarını da əks etdirdiyini vurğuladı: "Müəllifin obrazları sxematik deyil, canlı və həyatidir, hər bir personaj öz daxili həqiqəti ilə tamaşaçı qarşısına çıxır. Bu əsər azad insan ruhunun qüdrəti və faciəsi haqqında yüksək sənətkarlıqla qələmə alınmış romandır. İnam var ki, "Gəlinlik paltarı" tamaşası da region teatrının repertuarında mühüm yer tutan sanballı səhnə işi olacaq".
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxış edərək mədəniyyətin inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. O, Hüseynbala Mirələmovun həyat yoluna nəzər saldı: "Yazıçı Hüseynbala Mirələmov Lənkəranın yetirməsidir, ziyalı kimi fəxrimizdir. O, Lənkəranda
2 nömrəli məktəbdə təhsil alıb, ixtisasca mühəndisdir. Uzun illər Lənkəranda da məsul vəzifələrdə çalışıb. Hüseynbala müəllim həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və imzası olan tanınmış yazıçı-dramaturqdur. Onun əsərləri dəfələrlə səhnələşdirilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yazıçının "Gəlinlik paltarı" romanı əsasında səhnəyə qoyulan eyniadlı tamaşanın bədii-estetik gücünə bir daha şahid olduq. Burada insan talelərinin incə psixoloji qatları ustalıqla açılıb. Səhnədə hər obraz yalnız hadisələrin iştirakçısı deyil, həm də cəmiyyətin mənəvi aynasına çevrilir. Dramaturji xəttin yığcam, lakin dərin emosional təsirə malik quruluşu tamaşaçını düşünməyə vadar edir, onu passiv müşahidəçidən daxili dialoqa girən fəal tərəfə çevirir. Tamaşanın tərbiyəvi mahiyyəti isə ailə dəyərləri, sədaqət, məsuliyyət və seçimlərin insan taleyində oynadığı rolu aydın və sarsıdıcı bədii dillə təqdim etməsindədir - bu baxımdan əsər, sadəcə, səhnə işi deyil, mənəvi yaddaşa ünvanlanmış ciddi mesajdır".
Xalq yazıçısı Çingiz Abdullayev Lənkəranın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini və xatirələrinin, dostluqlarının, yaradıcılıq bağlarının yoğrulduğu doğma şəhər olduğunu vurğuladı. O qeyd etdi ki, son illər şəhər təkcə memarlıq baxımından deyil, mədəni mühitinin canlanması ilə də nəzərəçarpacaq dərəcədə inkişaf edib və bu dinamika sevindirici haldır.
Çingiz Abdullayev Hüseynbala Mirələmovun yaradıcılığını yüksək dəyərləndirərək bildirdi ki, "Gəlinlik paltarı" əsərində psixoloji dərinlik xüsusilə seçilir, obrazların daxili aləmi incəliklə açılır və bu, tamaşaçı ilə emosional bağ yaradır: "Dialoqların həyatiliyi və təbii axarı əsərə süni pafosdan uzaq, inandırıcı bir nəfəs verir. Yazıçıya görə, belə əsərlər cəmiyyətin mənəvi qatlarına toxunur, insanı həm düşündürür, həm də daxilən silkələyir. Məhz bu xüsusiyyətinə görə "Gəlinlik paltarı" səhnədə uzunömürlü olmağa layiq bir əsərdir". AYB katibi tamaşanın quruluşçu rejissorunun maraqlı səhnə yozumunu, eləcə də aktyor heyətinin səmimi və peşəkar ifasını yüksək qiymətləndirərək vurğuladı ki, səhnədə yaradılan atmosfer məhz onların daxili intizamı, emosional dəqiqliyi və obrazlara mənəvi məsuliyyətlə yanaşması sayəsində bu qədər təsirli alınıb.
Professor Elman Quliyev çıxışında vurğuladı ki, Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanı məhz çağdaş zamanın mənəvi-psixoloji ovqatı üzərində köklənmiş, bu günün insanının daxili çırpıntılarını və ictimai mühitin mürəkkəb qatlarını özündə əks etdirən sanballı ədəbi hadisədir. Onun sözlərinə görə, əsər son illər Azərbaycan nəsrində milli-mənəvi və əxlaqi dəyərlərə həsr olunmuş ən ciddi və dəyərli nümunələrdən biri kimi seçilir, burada müəllif təkcə bir ailənin və ya bir fərdin taleyini deyil, bütövlükdə cəmiyyətin mənəvi portretini canlandırmağa müvəffəq olub.
Professor qeyd etdi ki, yazıçı sosial həyatın reallıqlarını - xüsusilə də onun kölgədə qalan, qaranlıq və ağrılı tərəflərini böyük ustalıqla açaraq bədii təsvir predmetinə çevirir, nasir məharəti ilə həmin mənzərələri oxucunun yaddaşına həkk edir. Əsərdə ləyaqətin alver predmetinə çevrildiyi, mənəvi dəyərlərin aşındığı mühit ifşa olunur və müəllif oxucuda bu yaşam tərzinə qarşı təbii bir ikrah hissi formalaşdırır. Eyni zamanda roman insanı ayıq olmağa, saf qalmağa, cəmiyyətin mənəvi aşınmasına qarşı daxili müqavimət göstərməyə səsləyən ciddi bir çağırış kimi səslənir.
Elman Quliyev xüsusi olaraq vurğuladı ki, tamaşanın yaradıcı heyəti də bu ideya xəttini səhnə həllində ön plana çıxarmağı bacarıb, rejissor yozumu və aktyor ifası romanın əsas qayəsini qoruyaraq onu emosional və təsirli bir teatr hadisəsinə çevirib, nəticədə səhnə əsəri tamaşaçıya təkcə seyr olunan hadisə deyil, mənəvi mövqe kimi təqdim olunub.
Əməkdar jurnalist, şair-publisist Bəxtiyar Qaraca çıxışında müəllifin yaradıcılıq prinsipiallığını xüsusilə qeyd edərək bildirdi ki, Hüseynbala Mirələmov mövzu seçərkən heç vaxt zamanın səthi tələblərinə boyun əymir, əksinə, cəmiyyət üçün həssas və ağrılı məqamları qələmə almağı özünə mənəvi borc sayır. Onun sözlərinə görə, "Gəlinlik paltarı" məhz bu prinsipial yanaşmanın məhsuludur - əsər ailə institutunun müqəddəsliyini, onun sarsılmasının doğura biləcəyi faciəvi nəticələri bədii dillə, lakin açıq və cəsarətli şəkildə ortaya qoyur.
Tanınmış təhsil mütəxəssisi Rövşən Ağayev dedi ki, Hüseynbala Mirələmovun əsərləri yalnız ədəbi hadisə kimi dəyərləndirilə bilməz; onlar eyni zamanda güclü tərbiyəvi mənbə, mənəvi dərslik funksiyası daşıyır. Onun sözlərinə görə, yazıçı hadisələri, sadəcə, təsvir etmir, onları ictimai və əxlaqi müstəvidə şərh edərək oxucunu nəticə çıxarmağa sövq edir, düşünməyə və öz mövqeyini müəyyənləşdirməyə çağırır.
Rövşən Ağayev qeyd etdi ki, "Gəlinlik paltarı" kimi tamaşalar xüsusilə gənc nəslin formalaşmaqda olan estetik dünyagörüşünə ciddi təsir göstərir, səhnədə gördüyü konflikt, eşitdiyi fikir və yaşadığı emosional təəssürat gəncin daxili dəyərlər sisteminin qurulmasında mühüm rol oynayır.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova diqqətə çatdırdı ki, "Gəlinlik paltarı" kimi tamaşalar təkcə bir ədəbi əsərin səhnə təcəssümü deyil, həm də cəmiyyətin mənəvi dayaq nöqtələrini möhkəmləndirən, ailə dəyərlərini və milli-mədəni kimliyi gələcək nəsillərə estetik və təsirli formada çatdıran mühüm mədəni hadisədir.
Sonda çıxış edən Hüseynbala Mirələmov zalda yaranan səmimi ovqatı xüsusi həssaslıqla dəyərləndirdi, teatrın yaradıcı heyətinə, qonaqlara və Lənkəran tamaşaçısına göstərdikləri diqqətə, alqışlara və mənəvi dəstəyə görə ürəkdən minnətdarlığını bildirdi. O qeyd etdi ki, dramaturq üçün əsərin kitab səhifələrindən ayrılıb səhnədə nəfəs alması, aktyor sözündə, baxışında, pauzasında yenidən doğulması misilsiz bir hissdir - bu, müəllifin daxili dünyasının canlı insan taleləri ilə qovuşduğu andır.
Müəllif vurğuladı ki, "Gəlinlik paltarı"nı yazarkən onun məqsədi təkcə bir ailə dramını qələmə almaq deyildi; o, ailə institutunun müqəddəsliyini, insanın mənəvi məsuliyyətini və seçim anında vicdanla üz-üzə qalma zərurətini ön plana çəkmək istəyib. Yazıçıya görə, əsərdə qabardılan münaqişələr hər birimizin içində baş verən görünməz savaşların bədii ifadəsidir və bu savaşda qalib gəlməyin yeganə yolu mənəvi bütövlüyü qorumaqdır. O əlavə etdi ki, əgər tamaşaçı zalı tərk edərkən öz həyatına bir anlıq belə yenidən baxırsa, ailə anlayışının dəyərini daha dərindən düşünürsə, deməli, səhnədə deyilən söz hədəfinə çatıb və sənət öz ali missiyasını yerinə yetirib.
Beləliklə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan "Gəlinlik paltarı" yalnız bir tamaşa kimi deyil, sözün, səhnənin və düşüncənin vəhdətində doğulan, cəmiyyətin mənəvi özünüdərkinə ünvanlanan, Lənkəranın mədəni həyatında uzun müddət yaddaşlarda yaşayacaq sanballı sənət hadisəsi kimi tarixə yazıldı.
Namiq AĞAYEV,
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının əməkdaşı