“Son on iki il ərzində qlobal enerji bazarının müxtəlif böhranlar, siyasi gərginliklər və iqtisadi çətinliklərlə üzləşdiyi inkarolunmaz faktdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan və tərəfdaşları Avropanın enerji təhlükəsizliyini real təminat mexanizminə çevirə bildilər”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları da bütün mürəkkəb geosiyasi reallıqlara rəğmən, ötən dövr ərzində formalaşmış dayanıqlı əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. “Cənab Prezident İlham Əliyev tədbirdə etdiyi çıxışında son on iki ilin təcrübəsinə nəzər salaraq bildirdi ki, çətinliklərə baxmayaraq, bir sıra ölkələrin enerji təminatı artıq gündəlik həyatın sabit elementinə çevrilib. Bu fikir göstərir ki, layihə yalnız kommersiya deyil, sosial sabitlik amilidir. Enerji çatışmazlığı yaşayan ölkələr üçün davamlı təchizat iqtisadi artımın və ictimai rifahın əsas şərtidir”.
K.Qafarov Prezident İlham Əliyevin yaşıl enerji gündəliyi ilə bağlı səsləndirdiyi fikirlərin önəmini xüsusi qeyd edib: “Dövlət başçımızın qeyd etdiyi kimi, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı fayda prinsipi hər bir layihənin uğurunun əsas dayağıdır. Azərbaycanın iştirak etdiyi meqalayihələrdə isə, bu model klassik enerji münasibətlərindən fərqli olaraq, daha çox tərəfdaşlıq ruhuna əsaslanır. Məhz bu səbəbdən Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və mövcud infrastruktur artan tələbat fonunda genişləndirilmə perspektivləri ilə müzakirə olunur. Yeni interkonnektorlar və əlavə ötürücülük imkanları isə gələcək illərdə layihənin əhatə dairəsini daha da genişləndirə bilər. Bununla yanaşı, enerji siyasətində yaşıl gündəliyin ön plana çıxması xüsusi diqqət çəkir. Cənab Prezident xüsusi olaraq belə bir mühüm məqamı da diqqət mərkəzinə çəkdi ki, regionun indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji keçidinə sadiqliyini nümayiş etdirir. Layihənin ACWA Power tərəfindən maliyyələşdirilməsi və icrası isə beynəlxalq investorların ölkəyə olan etimadının göstəricisidir. Bu, ənənəvi enerji ixracatçısı olan Azərbaycanın paralel olaraq bərpaolunan enerji mərkəzinə çevrilmək niyyətini ortaya qoyur. Təbii ki, strateji baxımdan mühüm məqamlardan biri də ABŞ ilə münasibətlər kontekstində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının praktik nəticələridir. Bu sənəd enerji ilə yanaşı süni intellekt, nəqliyyat bağlılığı və digər sahələri əhatə etməklə əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Prezident İlham Əliyev məhz bu çərçivədə reallaşan layihələrin artıq konkret nəticələr verdiyini də diqqətə çatdırdı. Beləliklə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları paralel inkişaf edən iki istiqaməti təcəssüm etdirir. Bunlardan biri ənənəvi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, digəri dayanıqlı enerji keçidinin sürətləndirilməsidir. Azərbaycan isə hər iki sahədə təşəbbüskar rolunu qoruyaraq regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini gücləndirir” .
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta