AZ

Sürücülük vəsiqəsi alan qadınların sayı artır – qadınların xüsusi çəkisi 4.6 faizdən 18.8 faizə yüksəlib

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların cəmiyyətin bütün sahələrində rolu və təmsilçiliyi ilə bağlı statistik göstəricilər açıqlanır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin 50.2 faizini qadınlar təşkil edir. 2025-ci ildə doğulmuş 95.9 min körpənin 46.9 faizi qız uşaqları olmuşdur.

Təhsil sahəsində qadınların xüsusi çəkisi yüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu, ali təhsil müəssisələrində 60 faizdən çoxunu, orta ixtisas təhsil müəssisələrində isə 80 faizə qədərini qadınlar təşkil edir. Həkimlərin isə üçdə iki hissəsi qadınlardır.

Təhsilalanlar arasında da qadınların payı əhəmiyyətlidir. Belə ki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizdən çoxunu, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Qadınlar elmin inkişafında da fəal iştirak edirlər. Respublikamızda elmi işçilərin 60 faizdən çoxu qadınlardır və onların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,1 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında bu göstərici 30,3 faiz, fərdi sahibkarlar arasında isə 23,7 faizdir.

Qadınların respublikamızın ictimai-siyasi həyatda təmsilçiliyi də artmaqdadır. Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş qadın deputatların sayı 2000-ci ildə 10,7 faiz olduğu halda, 2025-ci ildə 21,0 faizə yüksəlmişdir.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatmışdır.

Statistik göstəricilər qadınların ölkənin demoqrafik strukturunda mühüm paya malik olmaqla yanaşı, təhsil, elm, səhiyyə, əmək bazarı və ictimai-siyasi həyatın bütün istiqamətlərində fəal iştirak etdiyini göstərir.

Seçilən
9
banker.az

1Mənbələr