AZ

Mikayıl Cabbarov: Süni intellekt texnologiyalarının tətbiqinə yönəlmiş vergi stimullarının genişləndirilməsi prioritetdir VİDEO  

Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqinə yönəlmiş vergi stimullarının genişləndirilməsi prioritet istiqamətlərdən olacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumdakı çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu, Azərbaycanda yüksək texnologiyalara əsaslanan iqtisadi modelə keçidin təmin edilməsinə hesablanıb. Artıq ölkəmizdə superkompüter mərkəzi fəaliyyət göstərir, rəqəmsallaşma istiqamətində mühüm layihələr həyata keçirilir, o cümlədən insan resurslarının bilik və bacarıqları inkişaf etdirilir. Rəqabətqabiliyyətli və innovativ mühiti inkişaf etdirmək məqsədilə İKT sektoru, startaplar və yüksəkixtisaslı mütəxəssislər üçün daha çevik və rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq”, - deyə iqtisadiyyat naziri qeyd edib.

Mikayıl Cabbarov əlavə edib ki, ölkəmizdə mövcud makroiqtisadi sabitlik və sərmayələrin qorunması, yaradılmış əlverişli biznes mühiti investorlar üçün uzunmüddətli etimad mühiti yaradır: “Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, həmçinin dövlət-özəl tərəfdaşlıq mexanizmləri, müxtəlif ölkələrlə yaradılmış birgə investisiya fondları sərmayədarlara dayanıqlı layihələrdə iştirak etmək və texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıq imkanları təqdim edir. Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət meyillər fonunda ölkənin kredit reytinqi artıb. “Fitch” və “Moody’s” reytinq agentlikləri tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib, reytinqimiz üzrə növbəti dövr üçün proqnoz müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib”.

Seçilən
35
2
azerbaijan-news.az

3Mənbələr