“İranın kərə yağı ixracını dayandırması Azərbaycan bazarında qiymət artımına səbəb ola bilər. Hazırda ölkənin kərə yağı idxalında İran 20-25 faiz paya malikdir və bu göstərici bazar üçün kifayət qədər ciddi hesab olunur”.
Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında səsləndirib.

“Hazırda Azərbaycanda 1 kiloqram kərə yağının orta satış qiyməti 22-25 manat civarındadır. İrandan gətirilən məhsullar nisbətən daha ucuz olduğundan, xüsusilə sosial təbəqələrin tələbatında mühüm yer tutur. Eyni zamanda bir çox bayram şirniyyatları da məhz daha münasib qiymətli idxal yağları ilə hazırlanır ki, bu da tələbatın yüksək qalmasına səbəb olur.
İxracın dayanması bazarda təklifin azalmasına gətirib çıxaracaq və bu da qiymət artımını qaçılmaz edəcək. Alternativ olaraq Belarus, Avropa ölkələri və Yeni Zelandiyadan idxal olunan məhsullar bazarda mövcuddur, lakin onlar bütün istehlak tələbatını tam şəkildə qarşılamaq gücündə deyil”.
Vüqar Orucun fikrincə, regionda gərginliyin davam etməsi, ixracın azalması və ya tam dayanması ilə yanaşı, logistik xərclərin artması da qiymətlərə əlavə təzyiq göstərə bilər. Alternativ bazarların müəyyən olunmasına qədər keçid dövründə bahalaşma ehtimalı yüksəkdir.
“Hazırkı hesablamalara görə qiymətlərdə təxminən 10 faiz civarında artım mümkündür. Bu halda 1 kiloqram kərə yağının qiyməti 24-28 manata qədər yüksələ bilər. Yerli istehsalın stimullaşdırılması vacibdir. Lakin o da nəzərə alınmalıdır ki, Azərbaycanda yağ istehlakı yüksək olduğundan, yerli istehsal hələ uzun müddət bu tələbatı tam ödəmək imkanında olmayacaq”.
– deyə sədr vurğulayıb.
Onun sözlərinə görə, qiymət artımının səviyyəsi həm də regionda müharibənin nə qədər davam edəcəyindən asılıdır. Əgər proseslər normallaşarsa, bahalaşma əsasən Novruz bayramı ərəfəsində müşahidə oluna bilər. Sonradan müəyyən qədər geriləmə mümkün olsa da, qiymətlərin fevral ayındakı əvvəlki səviyyəyə tam qayıtması real görünmür.
“Bazarın qanununa görə qiymət yalnız o zaman azalır ki, məhsul bol olsun və tələbat zəifləsin. Yağa olan tələbat isə azalmır”, – deyə Vüqar Oruc bildirib.
Aynurə İsmayıl
KONKRET.az