ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, bu gün günorta saatlarında Naxçıvan Muxtar Respublikasında yerləşən hava limanı da daxil olmaqla bir sıra ərazilərimizə dron hücumları qeydə alıb.
İlkin versiyaya görə, Naxçıvana hücum zamanı İran "Arash-2" pilotsuz uçuş aparatlarından ( PUA) istifadə edib.
Qeyd edək ki, İranın hərbi arsenalında yer alan “Arash-2” pilotsuz uçuş aparatı (PUA) ölkənin ən uzaqmənzilli kamikadze dronlarından biri hesab olunur. İran rəsmiləri bu sistemi strateji hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş zərbə vasitəsi kimi təqdim edir.
Məlumata görə, “Arash-2” ilk dəfə İranın hərbi sənaye kompleksinin inkişaf proqramları çərçivəsində təqdim olunub və əsasən uzun məsafədən hədəflərə hücum etmək üçün hazırlanıb. Bu dron kamikadze tipli PUA-lar kateqoriyasına daxildir, yəni hədəfə çırpılaraq partlayış törətmək prinsipi ilə fəaliyyət göstərir.
Açıq mənbələrdə yayılan məlumatlara əsasən, “Arash-2” PUA-sının uçuş məsafəsi təxminən 1500–2000 kilometrə qədər qiymətləndirilir. Aparatın əsas üstünlüklərindən biri uzun məsafədən buraxıla bilməsi və hədəfi əvvəlcədən proqramlaşdırılmış koordinatlar üzrə vurmasıdır. Dron həmçinin müxtəlif tip döyüş başlığı ilə təchiz edilə bilir.
İran rəsmiləri əvvəlki açıqlamalarında bu PUA-nın əsasən regiondakı potensial rəqiblərə qarşı deterrent (çəkindirici) vasitə kimi nəzərdə tutulduğunu bildirir. Bəzi açıqlamalarda “Arash-2”nin uzaq məsafədə yerləşən strateji hədəflərə qarşı istifadə imkanına malik olduğu qeyd edilir.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.