AZ

Alim, müəllim, Şəhid atası...və ya Vətən adam!

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Professor Kamran Kazımovun 65 illk yubileyinə

Elə yazılar var ki, beyninlə, məntiqinlə deyil, hisslərin, duyğuların, qəlbinin səsi, diktəsi ilə yazmalı olursan. Bu günkü yubiley təbriki kimi... Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Kamran Kazımovun 65 illik yubiley münasibətilə yazmaq istədiyim  yazını günlərdir ki, beynimdən keçirdir, başlıq, başlanğıc, süjet xətti tapmaq istəyir, bir ifadənin “ətəyindən tutub” 5 illik istəyimi reallaşdırmaq  istəyirəm. 5 il öncə, 60 yaşı tamam olanda  Kamran müəllim haqqında yubiley yazısı yazmaq istəyim alınmamışdı. Bacarmamışdım! Yazmışdım, amma bir neçə variantda yazdıqlarımın heç biri könlümcə olmadığından paylaşmamışdım. Bəlkə də Kamran müəllimin çöhrəsindəki o ağır kədər, iztirab qoymamışdı təbrik yazımı paylaşmağa... 

Kamran müəllim 5 il öncə, 60 illik yubileyində tam ayrı ovqatda idi. Yeganə oğlu şəhid olan ata bu ağrıya tab gətirməyin ağırlığını yaşayırdı. Həmişə üzügülər gördüyümüz həmkarımızın simasındakı gülüş də o gülüş deyildi, iztirablı idi, qüssəli idi, hüznlü idi... Şəhidlərlə bağlı anım tədbirlərində Kamran müəllimin səssiz göz yaşı axıtdığını, gözlərinin yaşardığının  o qədər şahidi olmuşam ki...Və onda “Kişi ağlamaz” deyiminin nə qədər yanlış olduğunu bilmişəm. Çünki  həyat bizə elə ağrılar çəkdirir, dağ basır ki, qadın-kişi bilmir, ürəyə işləyir, göynədir, ağrıdır,ağladır o olacaqlar. Oğlunun şəhid olmasından sonra Kamran müəllimin  ürək əməliyyatı keçirməsi də bu göynərtinin səssiz harayı, qəlbinin naləsi  idi elə...

... Nə olursa olsun, həmkarım, tanınmış ədəbiyyatşünas alim Kamran Kazımov haqqında yazımı xoş ovqata, yubiley ab-havasına kökləmək istəyirəm. Həm də Zəfər ovqatına! Madam ki, ərazi bütövlüyümüz tam bərpa olunub, şəhidlərimizin intiqamı alınıb, Vüsalın uğrunda döyüşdüyü Şuşada Azərbaycan bayrağı dalğalanır, deməli, nikbin ovqata, düşüncəyə əsas var! 

65 illik yubileyində haqqında söz açmaq istədiyim professor  Kamran Kazımov təkcə cənub bölgəsinin deyil, ölkənin ən tanınmış ziyalılarından, ədəbiyyatşünas alimlərindən, nüfuzlu pedaqoqlarından biridir. Kamran müəllimin ən böyük tanıtımı isə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” və s. medallarla  təltif olunmuş Şuşa fatehi, şəhid baş leytenant Vüsal Kazımovun atası olmasıdır. 44 günlük Vətən müharibəsinin ilk könüllülərindən olan Vüsal Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olması ilə doğulduğu ailəyə başucalığı, əbədi hörmət, şöhrət, Kamran müəllimə “Şəhid atası” kimi şərəfli  titul qazandırıb. 

Qeyd edək ki, professor Kamran Kazımov mənalı və şərəfli ziyalı ömrü yaşayıb. Həyat yoluna nəzər salanda  65 illik ömründə fəxr edilməli, qürur duyulmalı çox məqamlar var. Oxucu dairəmizin genişliyini nəzərə alaraq Cənub bölgəsində böyükdən kiçiyə hamının yaxşı tanıdığı, müəllimi saydığı bu işıqlı insan haqqında  qısa tanıtımı diqqətinizə çatdırıram: Kazımov Kamran Şahverən oğlu 1961-ci ilin mart ayında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Filologiya elmləri doktoru, professordur. “N.S.Tixonov və Şərq” adlı doktorluq dissertasiyası işini 2021-ci il oktyabrın 7-də elmlər doktoru proqramı əsasında müdafiə edib. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssis,  4 monoqrafiya, 9 proqram, 6 metodik vəsait, 100-dən çox elmi məqalənin müəllifidir. Məqalələrindən 35-dən çoxu xarici ölkələrdə elmi məcmuələrdə çap olunub, elmi əsərləri respublikanın, Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan və digər xarici ölkələrin elmi jurnallarında dərc edilib. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanin Kursk Dövlət Texniki Universitetində, Astraxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarda, həmçinin Belorusun paytaxtı Minsk şəhərində təşkil olunan “Müstəqil Dövlətlər Birliyinin dil siyasəti” mövzusunda konqresdə məruzələrlə çıxış etmiş, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmişdir. Lənkəran Dövlət Universitetinin Sosial Məsələlər üzrə prorektoru vəzifəsini yerinə yetirmişdir. 27 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmri ilə Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Filologiya elmləri doktoru, professor Kamran Kazımovun son elmi tədqiqat işlərindən olan “N.S.Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” monoqrafiyasının ilk səhifəsində müəllifin ithafı yer alıb: “Kitabı Əməkdar Elm Xadimi, elmi məsləhətçim Seyfulla Qüdrət oğlu Əsədullayevin 100 illiyinə və oğlum, şəhid baş leytenant Vüsal Kamran oğlu Kazımova ithaf edirəm”. Alim-müəllim- şəhid  tanrı dərgahında müqəddəslərdən hesab olunduğundan onların yeri peyğəmbərlərlə bir sıradadır deyirlər. Bu ithafın özü prof. Kamran Kazımovun öz müəlliminə necə böyük dəyər verdiyinin bariz nümunəsidir. Həm də  44 günlük Vətən müharibəsinin ən ağır cəhbəsində- 30 il erməni tapdağında qalan Şuşanın azad olunması  uğrunda gedən ölüm-dirim vuruşlarında  qəhrəmanlıqla həlak olan yeganə oğlu,  şəhid baş leytenant Vüsal Kazımovun xatirəsinin anımıdır, nakam taleyinin davamıdır... 

Bu günlərdə prof. Kamran Kazımovun daha bir monoqrafiyası işıq üzü görüb. “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti”  monoqrafiyası Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, gözəl şair, pedaqoq, ədəbiyyatşünas alim Elşad Səfərlinin yaradıcılığına, konkret desək, poeziyasının təhlil və tədqiqinə həsr edilib. Müəllifin  monoqrafiyanın ilk səhifəsində yazdığı sözləri həyəcansız oxumaq mümkün deyil: “Kitabı  İkinci  Qarabağ müharibəsində  qələbəmizin 5-ci ildönümünə və başda oğlum baş leytenant Vüsal Kazımov olmaqla bütün şəhidlərimizə ithaf edirəm”. Bu sözlər təkcə Kamran müəllimin şəhid övladının xatirəsinin anımı deyil, həm də şəhid atasının öz elmi yaradıcılığında övladının həyatını yaşatmaq istəyidir.

Professor Kamran Kazımov Lənkəran Dövlət Universitetinin fəaliyyətə başladığı ilk illərdən həyatını bu ali təhsil ocağı ilə bağlamış, ali pedaqoji kadrların hazırlanmasında zəhmətini əsirgəməmiş, universitetdə məsul postlarda-dekan, prorektor vəzifələrində çalışmışdır. Hazırda Astara Pedaqoji Kollecin direktoru olmaqla yanaşı həm də LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının professorudur, dünya ədəbiyyatını tələbələrə həvəslə tədris edir. 

Kamran müəllim haqqında yubiley yazısında onunla eyni vaxtda LDU-ya gələn, bütün yaradıcı ömrünü universitetdə mütəxəssis hazırlığına həsr edən  İnformasiya, kommunikasiya və Kitabxana Mərkəzinin direktoru Ənvər Şahqubadbəylinin həmkarı  ilə bağlı fikrini almağı vacib hesab etdik. Yaşıdı, həmkarı, həm də yaxın dostu kimi. Ənvər müəllimin  Kamran Kazımovla bağlı dedikləri onun tanıtımı, xarakterinin açılımı üçün mühüm əhəmiyyət kəsb edir: “Kamran Kazımov geniş mütaliəli, savadlı, zəngin erudisiyalı insandır. Dil bilgiləri ona dünya ədəbiyyatı ilə orijinaldan tanış olmaq imkanı verib və bu  imkandan yetərincə bəhrələnib. Olduqca məhsuldar alim, məsuliyyətli işçi, tələbkar rəhbərdir. Həm də uşaq kimi kövrəkdir, daxilindəki uşaq saflığını 65 yaşına kimi qoruyub saxlaya bilib Kamran müəllim. Mənim tanıdığım Kamran Kazımov həm də mərd adamdır, kişi adamdır, sözü ilə  yox, fəaliyyəti ilə vətənpərvər olduğunu sübut edən insandır, vətən, yurd, torpaq sevdalısıdır. Yeganə oğlunun könüllü olaraq 44 günlük Vətən müharibəsinə getməsi, qəhrəmanlıqla döyüşərək şəhid olması ailə dəyərlərindən qaynaqlanır. Bildirim ki, 2020-ci ilin sentyabrında Kamran Kazımov özü də cəhbəyə könüllü yollanmaq üçün müraciət etmişdi. Sosial şəbəkələrdə olduqca fəal olan  Kamran müəllimin paylaşımlarının demək olar ki, hamısı dövlətçilik, vətənpərvərlik, milli adət-ənənələrə, milli yaddaşa məhəbbət, sədaqət ruhundadır. Kamran Kazımovun atası Şahverən kişi də II Dünya müharibəsinin qəhrəmanlarından olub, keçmiş ittifaqın bir çox döyüş orden və medallarına layiq görülüb. Dostum gözəl pedaqoqdur, alimdir, publisistdir, atadır, babadır-bir sözlə nurlu, işıqlı insandır. Şəhid Vüsalın iki qız övladı Nuray və Aynuru canından çox istəyir, bütün boş vaxtlarını onlarla keçirir. Nəvələri ilə olanda çöhrəsindəki əsrarəngiz duyğudan təsirlənməmək olmur. Oğlunun qoxusunu sanki onlardan alır. Mən yaşıdımı, həmkarımı, ən yaxın dostumu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, Kamran müəllim Azərbaycan ədəbiyyatşünaslığına hələ çox töhvələr verəcək, çox tələbələr, mütəxəssislər yetişdirəcək, ciyərparaları Nurayın, Aynurun həyatda yerlərini tapmalarına yardımçı olacaq, toylarında qol götürüb oynayacaq...Yeri gəlmişkən, bir dəfə də olsun Kamran müəllimin oğlunun şəhid statusundan istifadə etdiyinin şahidi olmamışam. Üstəlik öz daxili imkanları hesabına Vüsalın xatirəsinə park salıb, əsl istirahət məkanı düzəldib, təsəllisini bunda tapıb.

Ənvər müəllimin dediklərinə bir əlavəmiz var-həmişə belə xətirli, hörmətli qalın, sözün bütün mənalarında nur adam, işıq adam, övlad dağını Zəfər sevinci ilə ovudan Vətən adam! 65 illik yubileyiniz mübarək!

Esmira İSMAYILOVA,filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
4
xalqqazeti.az

5Mənbələr