AZ

Dürüstlük və nadürüstlük Musa Qasımlı yazır...

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İrandakı rejim yaradıldığından bəri Azərbaycan Respublikasına qarşı ən böyük qələtini etdi. Naxçıvanda aeroporta və mülki obyektlərə dronlarla hücum olundu. Rejimin mahiyyətini göstərən hadisənin bir neçə tərəfi vardır. İlk növbədə, bu hərəkəti ilə rejim beynəlxalq hüququ kobud şəkildə pozaraq ayaqlar altına atdı. Göstərdi ki, onun üçün beynəlxalq hüquq istifadəyə yararsız kağız parçasından başqa bir şey deyildir. Lakin unudur ki, beynəlxalq hüququ saymayanların özlərinin heçə sayıldığına dair onlarla fakt vardır.

İkincisi, bu hərəkət rejimin regionda gərginliyi artırmağa, müharibənin miqyasını genişləndiməyə və yeni qanlar tökməyə çalışdığını göstərir. Mülki obyektlərin hədəf seçilməsi İslam dinini əlində bayraq edən rejimin iç üzünü, qorxaqlığını və insanlıq əleyhinə olduğunu sübut edir. Sülh, bərabərlik, əmin-amanlıq və birgəyaşayış dini olan İslamı bütün dünyada gözdən düşürən, ona ləkə olan bu rejimin ərazimizə dron hücumu terrordur. Terror və terrorçu isə heç vaxt cəzasız qalmır.

Nəhayət, Naxçıvana hücum İrandakı rejimin nadürüstlüyünü, nankorluğunu və riyakarlığını göstərir. Mehriban qonşuluq siyasəti yürüdən, dar gündə həmişə qonşularına həyan çıxan Azərbaycan Respublikası dövləti heç bir zaman özünün quru ərazisindən, su sahəsindən və hava məkanından İrana və digər qonşularına qarşı istifadə edilməsinə icazə verməyib, dürüst davranıb, sözü və işi eyni olub. Ərazimizdən İrana qarşı heç bir zaman təhdid olmayıb və yoxdur. İİR isə masa arxasında danışıqlarda bir söz deyib, qalxandan sonra arxada başqa cür hərəkət edib. Buna dair də yüzlərlə fakt yazmaq olar.

Azərbaycan ərazisinə hücum edən bu rejim görəsən cənab Prezident İlham Əliyevin dünən İİR-nın Bakıdakı səfirliyinə gedərək ali rəhbərin ölümü münasibəti ilə verdiyi başsağlığından utanırmı? Utansaydı, belə etməzdi! Utanmır, ona görə ki, cənubdan olan bir dostumun dediyi kimi, üzü hər şeydən qırmızıdır. Bəs rejim dövlət başçımızın bu ağayana, bütün dövrlərin böyük dövlət və siyasət adamına yaraşan davranışını nə tez unutdu? Axı heç 24 saat keçməyib! Unutdu, ona görə ki, nankordur, süfrəsi artıq cırır-cırıq olmuş qəzetdən, çörəyi isə diz üstündədir!

Tarixi ərazisində yaşayan təxminən 45 milyon nəfərdən çox azərbaycanlının hüquqlarını kobud surətdə pozan, milli fəalları həbsxanalarda cürüdən və meydanlarda asan bu rejim yaranışından bəri Azərbaycana qarşı etdiyi ən böyük qələtini təcili düzəltməlidir. İzahat verməli və belə halların bir daha təkrarlanmamasından ötrü lazımi addımları atmalıdır. Əks-təqdirdə...

Azərbaycana xor baxanlar, hücum edənlər həmişə peşman olublar. Başından böyük qələt edən rejim də bu əməlinə görə peşman olacaqdır! Azərbaycanın intiqamı çox ağır olur! Azərbaycanla zarafat edənlər, Azərbaycan odu ilə  oynayanlar elə o odda da yanıb külə dönüblər! Buna əmin olmaq üçün çox da uzaq tarixə getmək lazım deyildir...

Musa Qasımlı,

Milli Məclisin vitse-spikeri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
modern.az

2Mənbələr