AZ

Brent neftinin bir barreli 85 dolları keçib

Brent neftinin bir barreli 85 dolları keçib

Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barrelinin qiyməti 85 dollar həddini ötüb.

AFN.az xəbər verir ki, ötən günü 81,40 dollar səviyyəsində başa vuran Brent nefti bu gün Bakı vaxtı ilə saat 23:18 radələrində təxminən 5,4 faiz bahalaşaraq 85,82 dollara yüksəlib. Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin bir barreli isə 81,41 dollardan alıcı tapıb.

Qiymətlərin kəskin artmasına Yaxın Şərqdə getdikcə dərinləşən geosiyasi gərginlik birbaşa təsir göstərir. Xüsusilə ABŞ və İsrail ilə İran arasında şiddətlənən müharibənin regiondakı enerji hasilatı, neft daşınması və dəniz nəqliyyatı üçün yaratdığı risklər bazarları təşvişə salır. Bölgədəki bəzi iri istehsalçıların təhlükəsizlik və logistik problemlər səbəbindən hasilatı azaltmaq məcburiyyətində qalması qlobal tədarük narahatlıqlarını artıraraq qiymətləri yuxarı çəkir.

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ ilə birlikdə İrana qarşı başlatdıqları hücumların uğurlu olduğunu iddia edərək əməliyyatların davam edəcəyi mesajını verib. İranın Xarici İşlər naziri Abbas Əraqçi isə ölkəsinin ABŞ qoşunlarının quru müdaxiləsinə hazır olduğunu və heç bir atəşkəs tələbi irəli sürmədiklərini bəyan edib. Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi ölkənin milli neft şirkətinə məxsus bir obyektin İrandan təşkil edilən qisas hücumları nəticəsində vurulduğunu açıqlayıb.

Əl-Məamir bölgəsində yerləşən bu obyektdə baş verən yanğının nəzarətə alındığı bildirilir. Eyni zamanda, İraqın Bəsrə şəhərindəki Xor əl-Zubair limanında ABŞ şirkətinə məxsus, Baham adaları bayrağı altında üzən bir neft tankerinə bombalı qayıqla hücum edildiyi və nəticədə neft sızmasının baş verdiyi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bölgədə artan gərginliyin nüvə obyektlərini hədəf alması ehtimalından ciddi narahatlığını ifadə edib. Ekspertlərin fikrincə, münaqişələrin neft hasilat zonalarına və ya kritik enerji nəql xətlərinə sıçraması qlobal enerji bazarlarında daha sərt qiymət dalğalanmalarına yol aça bilər. Bu səbəbdən investorlar və bazar analitikləri xüsusilə Hörmüz boğazı və Bəsrə körfəzi ətrafındakı hadisələri yaxından izləyirlər. Texniki baxımdan Brent neftində 87,42 dolların müqavimət, 82,83 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi qeyd olunur.

Seçilən
138
afn.az

1Mənbələr