AZ

6 gündə 8 dəfə azalma: İranın raket ehtiyyatı tükənir – ŞOK STATİSTİKA

Yaxın Şərqdə son günlər baş verən hərbi qarşıdurmaların statistikası diqqət çəkən bir tendensiyanı ortaya qoyur və regiondakı müharibənin gedişində yeni mərhələnin başlaya biləcəyinə dair müzakirələri gücləndirir.

Müxtəlif hərbi mənbələr və beynəlxalq media tərəfindən yayılan məlumatlara görə, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların intensivliyi cəmi bir neçə gün ərzində nəzərəçarpacaq dərəcədə azalıb. Bu dinamika münaqişənin inkişaf istiqamətini anlamaq baxımından mühüm ipucları verir.

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi ekspert Azər Hüseynov bildirib ki, son günlər yayılan statistik məlumatlar göstərir ki, Yaxın Şərqdə baş verən hərbi qarşıdurma klassik müharibə dinamikası üzrə inkişaf edir:

“Münaqişənin ilk mərhələsində tərəflər adətən maksimum zərbə potensialından istifadə etməyə çalışırlar. Bunun əsas məqsədi qarşı tərəfdə həm hərbi, həm də psixoloji şok effekti yaratmaqdır. İranın müharibənin ilk günlərində yüzlərlə raket və pilotsuz aparat buraxması da məhz bu taktikanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. İranın hücumlarının intensivliyi ilə bağlı açıqlanan statistika da bu dinamikanı aydın şəkildə göstərir. Məlumatlara əsasən, fevralın 28-də İran tərəfindən 300-dən çox raket və pilotsuz uçuş aparatı buraxılıb. Martın 1-də bu rəqəm təxminən 200-ə düşüb, martın 2-də hücumların sayı 110–120 arasında dəyişib. Martın 3-də 70–80, martın 4-də 50–60, martın 5-də isə təxminən 30–40 raket və pilotsuz aparat qeydə alınıb. Beləliklə, cəmi altı gün ərzində hücumların intensivliyi təxminən 7–8 dəfə azalıb”.

Ekspert qeyd edib ki, bu cür kəskin eniş təsadüfi deyil. Müharibələrin ilk mərhələsində kütləvi hücumlar həyata keçirilir, lakin sonrakı mərhələdə tərəflər daha seçilmiş və strateji hədəflərə yönələn əməliyyatlara üstünlük verməyə başlayırlar:

“İranın hücumlarının sürətlə azalması da göstərir ki, artıq münaqişə daha planlı və seçilmiş zərbələr mərhələsinə keçə bilər.

Münaqişənin gedişinə təsir edən əsas amillərdən biri də ABŞ və müttəfiqlərinin regionda yerləşdirdiyi çoxqatlı hava müdafiə sistemlərinin fəaliyyətidir. Hərbi ekspertlərin fikrincə, Qərb ölkələrinin istifadə etdiyi müasir hava hücumundan müdafiə texnologiyaları İranın hücumlarının effektivliyini ciddi şəkildə məhdudlaşdırır. ABŞ və İsrailin istifadə etdiyi müasir hava hücumundan müdafiə sistemləri regionda faktiki olaraq çoxqatlı müdafiə qalxanı formalaşdırıb. Bu sistemlər raket və pilotsuz aparatların böyük hissəsini havada zərərsizləşdirməyə imkan verir. Nəticədə İranın buraxdığı raketlərin və dronların əhəmiyyətli hissəsi hədəfə çatmadan məhv edilir. Bu isə hücumların effektivliyini aşağı salır və Tehran üçün gözlənilən hərbi nəticələrin əldə olunmasını çətinləşdirir”.

Azər Hüseynov

Analitiklər diqqəti hücumların coğrafiyasına da yönəldirlər. İranın zərbələrinin əsasən ABŞ və Qərb hərbi infrastrukturu yerləşən ölkələrə istiqamətləndiyi qeyd olunur. Bu ölkələr arasında İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Oman, İraq və Kiprdə yerləşən Britaniya hərbi bazalarının adı çəkilir.

Bu faktın arxasında duran siyasi məntiq barədə danışan siyasi ekspert bildirib ki, İranın zərbələrinin coğrafiyası göstərir ki, Tehran birbaşa genişmiqyaslı müharibə başlatmaqdan daha çox ABŞ-nin regiondakı hərbi mövqelərinə təzyiq göstərmək strategiyasını seçib:

“Bu hücumlar vasitəsilə İran həm Vaşinqtona, həm də Qərb müttəfiqlərinə mesaj göndərməyə çalışır ki, regiondakı hərbi mövcudluq təhlükəsizlik baxımından ciddi risk yaradır. Regionda gərginlik artdıqca müxtəlif ölkələr də dolayı təhlükəsizlik riskləri ilə qarşılaşa bilər. Hərbi eskalasiyanın genişlənməsi Türkiyə və Azərbaycan üçün də artıq təhlükələr yaradır. Bu baxımdan regional təhlükəsizlik balansının qorunması son dərəcə vacibdir.”

Siyasi ekspert qeyd edib ki, müharibə şəraitində tərəflər bəzən taktiki fasilələr verir və hücum strategiyasını dəyişirlər:

İranın hücumlarının azalması həm raket ehtiyatlarının qorunması məqsədilə həyata keçirilə bilər, həm də yeni əməliyyat planlarının hazırlanması ilə bağlı ola bilər. Digər tərəfdən, ABŞ və İsrailin İranın hərbi infrastrukturu və logistika imkanlarına endirdiyi zərbələr də bu dinamikanın formalaşmasına təsir göstərmiş ola bilər.

Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, münaqişə dinamik və dəyişkən mərhələdədir. Hücumların sayının azalması müharibənin bitməsi demək deyil, əksinə tərəflərin daha hədəfli və strateji əməliyyatlara keçə biləcəyini göstərir. Qarşıdakı günlərdə bu dinamikanın necə davam edəcəyi İranın real raket ehtiyatlarından, həmçinin ABŞ və müttəfiq qüvvələrin regiondakı hava müdafiə imkanlarından asılı olacaq”.

Tunar
NOCOMMENT.az

Seçilən
113
50
nocomment.az

10Mənbələr