ABŞ-nin müharibə naziri Pit Heqsetin açıqlamasına görə, endirilən zərbələr nəticəsində İranın ballistik raket istehsal potensialı ciddi zərər görüb və 15 min hədəf vurulub. Bu açıqlamalar tərəflərin hərbi üstünlük nümayiş etdirmə və informasiya strategiyasını dəstəkləmə cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, hər iki tərəf hazırda hərbi əməliyyatlarla yanaşı, açıqlamalar və mediada yayılan məlumatlar vasitəsilə psixoloji və informasiya təsirini artırmağa çalışır. Hazırkı mərhələdə verilən rəqəmlər yalnız tərəflərin təqdim etdiyi məlumatlara əsaslanır.
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ tərəfi dəfələrlə açıqlama verib ki, İranın hərbi arsenalının əhəmiyyətli hissəsini sıradan çıxarıb:“Bir neçə gün öncə Donald Tramp bildirib ki, İranın raket potensialı qalmayıb. Elə həmin zaman Tel-Əvivə raket zərbələri endirildi. Buna görə də İranın ballistik raket istehsalı potensialının tamamilə məhv edilməsi ilə reallığı əks etdirmir. İranın ərazisi kifayət qədər böyükdür- bir milyon kvadrat metr kilometrdir. Silahların hansı ərazilərdə istehsal edilməsi ilə bağlı dəqiq informasiya yoxdur. Elə istiqamətlər var ki, raket zərbələrinin endirilməsi o qədər də inandırıcı deyil. İran yenidən raket zərbələri endirsə, bu, ABŞ rəsmilərinin açıqlamalarının reallığı əks etdirmədiyini göstərəcək. Indiki mərhələdə tərəflər həm də psixoloji və informasiya müharibəsi aparırlar. ABŞ tərəfində isə media hərbi əməliyyatları sorğulayır. Hesab edirəm ki, ABŞ hələ istədiyinə tam çata bilməyib.
Nigar Həsənli
Musavat.com