ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən gərginlik fonunda müharibənin “tezliklə bitəcəyini” və ya artıq başa çatdığını bildirsə də, ekspertlər vəziyyətin hələ də qeyri-müəyyən olduğunu düşünürlər. Mövcud hərbi-siyasi proseslər göstərir ki, qarşıdurmanın yaxın günlərdə tam dayanacağı ilə bağlı qəti fikir söyləmək çətindir.
Bəs doğrudanmı müharibə bitib? Qarşılıqlı zərbələr davam edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ prezidentinin açıqlamaları reallığı tam əks etdirmir və müharibənin hələ davam etdiyini göstərən əlamətlər var.

Politoloqun sözlərinə görə, Donald Tramp artıq bir neçə gündür müharibənin bitdiyini deyir, lakin proseslərin gedişatı bunun əksini göstərir:
“Donald Tramp artıq üç gündür müharibənin bitdiyini deyir. Amma düşünürəm ki, bu belə deyil. Hələ ki, müharibə davam edir. Bu ayın sonuna qədər intensiv şəkildə qarşılıqlı zərbələr endirilə bilər. Çünki əsas məqsəd İran rejimini tam zəiflətməkdir. Göründüyü kimi, onlar rejimi dəyişə bilmirlər və quru əməliyyatları keçirməkdə də çətinlik çəkirlər. Ona görə də çalışırlar İranın iqtisadi infrastrukturu və hərbi-strateji obyektlərini sıradan çıxarsınlar”.
Ekspert qeyd edib ki, ABŞ prezidentinin bəyanatlarını dəqiq proqnozlaşdırmaq çətindir:
“Trampı dəqiq proqnozlaşdırmaq olmur. Bir dəfə başqa açıqlama verir, növbəti dəfə başqa mövqe sərgiləyir. Ona görə də hazırda müharibənin real gedişatına baxmaq lazımdır.
Düzdür, həm Amerikada, həm də İranda atəşkəsə meyillilik müşahidə olunur. Amma hər iki tərəfin öz şərtləri var. Bu prosesdə Rusiya da vasitəçilik etməyə çalışır. Bu gün ABŞ və Rusiya nümayəndələrinin görüşü gözlənilir və İran məsələsinin də müzakirə olunacağı ehtimal edilir”.
Onun fikrincə, ABŞ-ın hazırkı vəziyyətdə geri çəkilməsi Vaşinqton üçün siyasi məğlubiyyət kimi qiymətləndirilir:
“ABŞ-ın geri çəkilməsi önündə məğlubiyyəti kimi görünə bilər və bu, Trampın siyasi imicinə də zərər vurar. Ona görə də hesab edirəm ki, müharibə hələ bitməyib və proseslər davam edir”.
Aynurə İsmayıl
KONKRET.az