AZ

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində oldu

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

Aznews.az xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünə əsasən Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub. Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır, ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir.

Qeyd olunub ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, monoqrafiyalar, elmi məqalələr və metodik vəsaitlərin, tarixi xəritələrin çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Bu nəşrlər həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur.

Sonra Mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib. Leyla Əliyeva Mərkəzin nəşrləri ilə tanış olub.

Seçilən
92
29
aznews.az

10Mənbələr