AZ

Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.Bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Litva naziri Azərbaycanın ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu bildirib.

Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

***

Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov həmsöhbətinə 5 mart 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası istiqamətində İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib. 

Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlar ölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, Azərbaycanla həmrəyliyini ifadə edib. 

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.

Bayramov həmkarına 5 mart tarixində Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Nazir Ervin İbrahimoviç İranın dron hücumlarını qətiyyətlə pisləyib, narahatlıq doğurduğunu bildirərək, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını və həmrəy olduğunu qeyd edib.

***

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Nazir Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb. 

İrandan qeyd olunan hücuma aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Sudan tərəfinin diqqətinə çatdırıb. 

Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.

Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

***

İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.

Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycanın ərazisindən istifadə etməklə təxliyyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

 

Seçilən
48
2
anews.az

10Mənbələr