BAKI, 8 mart. TELEQRAF
Almaniya hökuməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq İrandan təxliyə edib.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Almaniya XİN-də bildirilib ki, təhlükəsizlik riskləri səbəbindən səfirliyin əməkdaşları müvəqqəti olaraq ölkədən çıxarılıb, lakin diplomatik nümayəndəliklə operativ əlaqə imkanları saxlanılır.
Nazirlik qeyd edib ki, bu addım yanvar ayının ortalarında ehtiyat tədbiri kimi həyata keçirilən heyətin azaldılması qərarının davamıdır.
Bununla yanaşı, qurumda vurğulanıb ki, personalın azaldılması səbəbindən konsulluq dəstəyi əvvəlcədən də ciddi şəkildə məhdudlaşdırılmışdı və vizalarla bağlı şöbə müvəqqəti olaraq bağlanmışdı.
Rəsmi Berlin əlavə edib ki, Tehrandakı əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu qərar Yaxın və Orta Şərqdəki vəziyyət nəzərə alınaraq qəbul olunub.