AZ

Dünyanı dəyişən toyuq resepti

Dünyanın ən məşhur fast-food brendlərindən biri olan KFC-nin (Kentucky Fried Chicken) tarixi uğur, risk və doğru zamanlama hekayəsidir. Bu gün yüzlərlə ölkədə fəaliyyət göstərən, milyonlarla insanın sevdiyi qızardılmış toyuq menyusu ilə tanınan brendin əsası əslində kiçik bir yol kənarı restoranında qoyulub.

Bəs KFC necə yarandı və qlobal gücə çevrildi?

Harland Sanders və çətinliklərlə başlayan həyat yolu

KFC-nin qurucusu Harland Sanders 1890-cı ildə ABŞ-də anadan olub. Atasını erkən yaşda itirən Sanders ailəsinə kömək etmək üçün uşaq yaşlarından işləməyə başlayıb. O, müxtəlif peşələrdə – fermer köməkçisi, qatar maşinisti, sığorta agenti və hətta hüquqşünas kimi fəaliyyət göstərib.

Onun həyatında dönüş nöqtəsi 1930-cu illərdə baş verib.  ABŞ-nin Kentukki ştatında yerləşən yol kənarı yanacaqdoldurma məntəqəsində işləyərkən Sanders müştərilərə ev üsulu ilə hazırladığı yeməkləri təqdim etməyə başlayıb. Qızardılmış toyuq resepti isə qısa müddətdə sürücülər arasında məşhurlaşdı.

Onun hazırladığı xüsusi ədviyyat qarışığı və sürətli bişirmə texnikası digər restoranlardan fərqlənirdi. Məhz bu fərqlilik gələcək brendin təməlini qoydu.

 “11 ədviyyat sirri” və unikal bişirmə üsulu

KFC-nin əsas uğur sirri “11 ədviyyat və göyərti” resepti hesab olunur. Sanders toyuğu xüsusi qarışıqla ədviyyatlayır və qaynar yağ dolu qazanda qızardırdı. Bu üsul həm bişirmə vaxtını azaldır, həm də toyuğun içinin şirəli qalmasını təmin edirdi.

Resept bu günə qədər kommersiya sirri kimi qorunur və KFC brendinin əsas simvoluna çevrilib. Brendin loqosunda Sandersin ağ kostyumlu və qalstuklu obrazı yer alır ki, bu da keyfiyyət və ənənə simvolu kimi təqdim olunur.

 “Franchise” modeli və sürətli genişlənmə

1950-ci illərdə Sanders biznes modelini dəyişərək restoranını satdı və franchise sisteminə keçdi. O, müxtəlif ştatlarda restoran sahibləri ilə müqavilə bağlayaraq öz resepti ilə toyuq satmağa icazə verirdi. Hər satılan porsiyadan isə müəyyən faiz gəlir əldə edirdi.

Bu model KFC-nin qısa müddətdə ABŞ boyunca yayılmasına səbəb oldu. 1964-cü ildə Sanders şirkəti investor qrupuna satdı, lakin brendin siması olaraq fəaliyyətini davam etdirdi.

Sonrakı illərdə KFC beynəlxalq bazarlara çıxaraq Asiya, Avropa və Yaxın Şərqdə sürətlə genişləndi. Xüsusilə Çin bazarında əldə olunan uğur KFC-ni dünyanın ən böyük fast-food şəbəkələrindən birinə çevirdi.

Qlobal brendə çevrilmə və müasir dövr

Bu gün KFC minlərlə filialı ilə yüzdən çox ölkədə fəaliyyət göstərir. Şirkət hazırda “Yum! Brands” korporasiyasına məxsusdur. “Yum! Brands” həmçinin digər məşhur fast-food şəbəkələrinin də sahibidir.

Rəqəmsallaşma, onlayn sifariş sistemləri və yeni məhsul strategiyaları KFC-nin müasir bazarda rəqabət qabiliyyətini qorumasına kömək edib. Bununla yanaşı, brend öz ənənəvi reseptini və “Colonel Sanders” obrazını qoruyaraq tarixi irsini də yaşadır.

 Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
132
yenisabah.az

1Mənbələr