AZ

Zərifliyin intellektual qüdrəti: Milli dövlətçilik salnaməsində Azərbaycan qadını fenomeni



Abel Məhərrəmov,
akademik, Əməkdar elm xadimi


Bəşər tarixinin hər bir dönəmində qadın faktoru cəmiyyətin mənəvi simasını, intellektual səviyyəsini və inkişaf dinamikasını müəyyən edən əsas meyarlardan biri olmuşdur. Baharın gəlişi ilə təbiətin yenilənməsi fonunda qeyd etdiyimiz 8 Mart – Beynəlxalq Qadınlar Günü bizə imkan verir ki, Azərbaycan qadınının keçdiyi şərəfli yola bir daha nəzər salaq və onun milli dövlətçilik məfkurəsindəki yerini elmi-fəlsəfi müstəvidə dəyərləndirək.

Azərbaycan xalqının minilliklərlə ölçülən dövlətçilik ənənələrində qadın hər zaman müqəddəslik və fədakarlıq rəmzi kimi ucalmışdır. Tariximizin səhifələrini vərəqlədikcə biz Massaget çarlığının hökmdarı, sarsılmaz iradə sahibi Tomrisin, Ağqoyunlu dövlətinin diplomatik sütunu olan Sara Xatunun, intibah dövrümüzün memarlıq abidəsi olan Möminə Xatun türbəsinin mənəvi banisi Möminə Xatunun obrazları ilə qarşılaşırıq. XIX əsrdə Şərqin intellektual mənzərəsini dəyişən Xurşidbanu Natavanın və Heyran xanımın qələmi Azərbaycan qadınının həm də böyük bir mədəniyyət qurucusu olduğunu sübut etmişdir. Böyük mütəfəkkirlər şairimiz Səməd Vurğunun “Adın şərəflidir, sənin ey qadın!” nidası sadəcə bir poetik ifadə deyil, bu, Azərbaycan xalqının qadın şəxsiyyətinə verdiyi ali dəyərin düsturudur. Bu şərəfli ad 1918-ci ildə Şərqdə ilk dəfə olaraq qadına seçki hüququ verilməsi ilə siyasi və hüquqi bir status qazanmış, Azərbaycan qadınını dünya demokratiya tarixinin ön sıralarına çıxarmışdır.

Müasir Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev qadın faktorunu dövlətçilik strategiyasının mərkəzinə yerləşdirmişdir. Ümummilli Lider yaxşı bilirdi ki, qadının təhsili, onun cəmiyyətdəki fəallığı və dövlət idarəçiliyindəki rolu millətin genetik fondunun və intellektual gələcəyinin təminatıdır. Heydər Əliyevin müəyyən etdiyi “Azərbaycan qadını milli dövlətçilik məfkurəsinə sadiqdir” fəlsəfəsi bu gün dövlətimizin bütün uğurlarının təməl daşlarından biridir. Bu müdrik siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə və böyük uzaqgörənliklə davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət qadın siyasəti nəticəsində Azərbaycan qadını artıq sadəcə ictimai həyatın iştirakçısı deyil, həm də onun idarəedicisinə çevrilmişdir. Dövlət başçısının Ulu Öndər ideyalarını böyük məharətlə həyata keçirməsi sayəsində xanımlarımız elmdə, təhsildə, səhiyyədə, orduda və diplomatiyada dünya miqyaslı uğurlara imza atır, Müzəffər Azərbaycanın gücünə güc qatırlar.



Azərbaycanın müasir dövlətçilik tarixində qadın liderliyinin ən parlaq və möhtəşəm örnəyi, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətidir. Mehriban xanım Əliyevanın dövlətçilik yolunda apardığı yorulmaz mübarizə, onun humanizm prinsiplərinə söykənən fəaliyyəti hər bir Azərbaycan xanımı üçün əsl məktəbdir. Onun həm Birinci Vitse-prezident, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi gördüyü işlər – milli-mənəvi dəyərlərimizin qorunmasından tutmuş, təhsil və səhiyyədəki inqilabi layihələrə qədər – birbaşa güclü dövlət və xoşbəxt vətəndaş qayəsinə xidmət edir. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, qadın zərifliyi ilə dövlət xadiminin polad iradəsi bir vəhdət təşkil edəndə cəmiyyət mənəvi intibahının ən yüksək mərhələsinə çatır. Onun beynəlxalq arenada nümayiş etdirdiyi intellektual diplomatiya Azərbaycanın nüfuzunu göylərə qaldırmış, Azərbaycan qadınının modern simasını dünyaya tanıtmışdır.

Bir elm adamı və pedaqoq kimi qeyd etməliyəm ki, bizim ən böyük sərvətimiz qadınlarımızın yetişdirdiyi vətənpərvər gənclikdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin mayasında Azərbaycan anasının verdiyi tərbiyə, onun sarsılmaz ruhu dayanır. Şəhid analarının mətanəti, qəhrəman xanımlarımızın dözümü bizim milli qürur mənbəyimizdir. İnanıram ki, Azərbaycan qadını bundan sonra da öz elmi potensialı, yaradıcı enerjisi və dövlətə sədaqəti ilə ölkəmizin tərəqqisinə misilsiz töhfələr verəcəkdir. “Adın şərəflidir, sənin ey qadın” deyərkən biz həm də dövlətimizin, millətimizin və gələcəyimizin şərəfini nəzərdə tuturuq. Bütün Azərbaycan xanımlarını bu əziz gün münasibətilə ürəkdən təbrik edir, onlara elmi fəaliyyətlərində yeni üfüqlər, ailə həyatlarında isə sonsuz səadət arzulayıram.



Seçilən
110
aia.az

1Mənbələr