AZ

“Ali təhsil müəssisəsinin əsas göstəricisi kadr hazırlığıdır” – Ramin Nurəliyev

"Ali təhsil istiqamətində universitet, institut və akademiyaların özünəməxsus profilləri mövcuddur. Universitet daha çox şaxəli profili əks etdirir, yəni burada müxtəlif ixtisaslar tədris olunur, magistratura pilləsi mövcuddur və müxtəlif təhsil səviyyələrində fəaliyyət göstərilir. İxtisas çoxluğu və geniş təhsil prosesi universitetləri digər ali təhsil müəssisələrindən fərqləndirir. İnstitutlar isə nisbətən kiçik xarakter daşıyır. Məsələn, müəyyən sahələr üzrə – pedaqogik, texniki və ya musiqi sahələri – təhsil verən, universitetdən kiçik ali təhsil müəssisələri institut adlanır. Akademiyalar isə iki əsas kateqoriyaya bölünür. Birinci kateqoriya elmi tədqiqat yönümlü akademiyalardır. Bu tip akademiyalarda elmi dərəcələr verilir, elmi tədqiqat işləri aparılır, müxtəlif elmi məqalələr yazılır. Bu sahədə mütəxəssislərin sayı daha çoxdur. Misal üçün, Elmlər Akademiyasını göstərmək olar. İkinci kateqoriya isə xüsusi təhsil müəssisəsi kimi fəaliyyət göstərən akademiyalardır. Bu akademiyalar müəyyən sahələr üzrə ixtisaslaşmış kadrlar yetişdirir. Məsələn, Polis Akademiyası yalnız polis orqanlarında fəaliyyət göstərə biləcək kadrlar hazırlayır, Dövlət Gömrük Akademiyası isə gömrük sahəsində hüquqi və maliyyə-iqtisadi yönümlü kadrları formalaşdırır. Praktikada bəzi akademiyalarda müxtəlif sahələr üzrə təhsil verildiyi üçün universitet profili müşahidə olunur. Buna görə bəzi akademiyalar universitet yönümlü akademiya kimi fəaliyyət göstərə bilər. Amma xüsusi təyinatlı akademiyalarda hər bir akademiya yalnız bir profil üzrə kadr hazırlayır. Dövlət Gömrük Akademiyası buna misaldır; burada əsasən gömrük sahəsində ixtisaslaşmış kadrlar yetişdirilir, amma hüquq və maliyyə-iqtisadi sahələr üzrə də gömrüklə bağlı biliklər verilir. Bəzi hallarda, məsələn, akademiya bir neçə profil üzrə təhsil verdiyi üçün müəyyən pozuntular müşahidə oluna bilər. Bununla belə, bu ciddi problem hesab edilmir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda ali təhsil müəssisələrinin növləri – universitet, akademiya və institut – aydın şəkildə təsbit olunub. Hər bir növün öz funksiyası və missiyası qanunda ayrıca göstərilmişdir. Universitet, ali təhsilin bütün səviyyələrində geniş spektrli mütəxəssislər hazırlayan, həm fundamental, həm də tətbiqi elmi tədqiqatlarla məşğul olan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Akademiya müəyyən sahəyə ixtisaslaşmış ali məktəb kimi fəaliyyət göstərir. İnstitut isə konkret ixtisas istiqamətləri üzrə kadr hazırlayan və əsasən tətbiqi tədqiqatlara yönəlmiş ali təhsil müəssisəsi hesab olunur.

Ekspert qeyd edib ki, ali təhsil müəssisəsinin kadr hazırlığı istiqamətində atdığı addımlar əsas məsələdir.

Seçilən
52
aznews.az

1Mənbələr