ain.az bildirir, Azertag portalına istinadən.
Pekin, 9 mart, AZƏRTAC
Cənubi Koreyada yaşayan azərbaycanlı gənclər arasında ilk dəfə “Breyn rinq” intellektual yarışı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cənubi Koreyanın paytaxtı Seulda keçirilib. Yarışın əsas məqsədi Koreyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onların intellektual fəaliyyətə marağını artırmaq, eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti və milli dəyərlərinin xaricdə təbliğinə töhfə vermək olub.
Cənubi Koreyada yaşayan və təhsil alan 100-ə yaxın azərbaycanlı gənc 10 komandada mübarizə aparıb. İştirakçılar Azərbaycan tarixi, mədəniyyəti, milli musiqisi, eləcə də müxtəlif sahələri əhatə edən ümumi suallar üzrə öz biliklərini sınayıblar. Böyük maraq və rəqabət şəraitində keçən yarışın sonunda qalib komandalar mükafatlandırılıb, iştirakçılara medal və kuboklar təqdim olunub.
Tədbirdə çıxış edən Azərbaycan səfirliyinin nümayəndələri xaricdə yaşayan azərbaycanlı gənclərin bu cür intellektual və mədəni təşəbbüslərini yüksək qiymətləndiriblər.
Təşkilatçılar bildiriblər ki, bu cür intellektual tədbirlərin keçirilməsi xaricdə yaşayan azərbaycanlı gənclər arasında həmrəyliyin gücləndirilməsi və milli kimliyin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə “Breyn rinq yarışının daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.