Paytaxtın iri supermarket şəbəkələrindən biri olan "Bolmart"da müştərinin qarşılaşdığı qiymət fərqi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
32gun.az bildirir ki, Suad Süleymanlı adlı vətəndaş mağazadan alış-veriş edərkən aldığı ananasın üzərindəki qiymət etiketi ilə kassa qəbzindəki rəqəmlərin üst-üstə düşmədiyini aşkar edib.
Şikayətçi bildirir ki, məhsulun üzərində açıq-aşkar 18.50 AZN qiymət qeyd olunsa da, ödəniş zamanı kassada həmin məhsul üçün ondan 20.50 AZN tutulub. Müştəri mağazaların bu üsulla hər alıcıdan gizli şəkildə əlavə vəsait mənimsədiyini vurğulayaraq, digər vətəndaşları da diqqətli olmağa və çekləri mütləq yoxlamağa çağırıb. O, mağazaların alıcıların etibarından istifadə edərək rəf qiymətlərini qəsdən aşağı saxladığını, lakin kassada daha yüksək məbləğ hesabladıqlarını iddia edərək bu vəziyyəti "müştərinin cibinə girmək" kimi qiymətləndirib.
***
Xatırladaq ki, 2025.10.29 tarixində yayılan məlumatlara görə, "Bolmart” marketlər şəbəkəsi haqqında yayılan bəzi xəbərlərdən sonra şirkətin rəhbəri gecə ilə dəyişib.
Şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib. Sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.
Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir.
Nilay