ABŞ prezidenti Donald Tramp və vitse-prezident Vens arasında İrana qarşı hərbi əməliyyatların başlaması məsələsində fikir ayrılığı müşahidə olunub.
Floridada keçirilən mətbuat konfransında Tramp bildirib ki, Vens bu məsələdə o qədər də həvəsli olmayıb:
“Bu məsələdə aramızda yaxşı anlaşırıq. Deyə bilərəm ki, onun məndən fərqli fəlsəfi baxışı var idi. Düşünürəm ki, bəlkə də o qədər də həvəsli deyildi… Amma hiss edirdim ki, bunu etməliyik. Başqa seçimimiz yox idi. Əgər biz bunu etməsəydik, onlar bunu bizə qarşı edərdilər.”
Əvvəlki məlumatlara görə, Amerika mediası Vensin genişmiqyaslı hərbi əməliyyatlara başlamamağa şübhə ilə yanaşdığını və bu səbəbdən İranla bağlı qərar qəbuletmə prosesindən kənarlaşdırıldığını xəbər vermişdi.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixindən etibarən İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Tehranı raket və nüvə proqramı hazırlamaqda ittiham edən tərəflərə qarşı İran cavab olaraq İsrailə, eləcə də regiondakı enerji obyektlərinə və ABŞ hərbi bazalarına zərbələr endirib.
İsrail və ABŞ-ın İrandakı əməliyyatları nəticəsində ölənlərin sayı 1 300-ü keçib.
İsrailin verdiyi məlumata görə, İranın zərbələri nəticəsində 10-dan çox insan həyatını itirib, həmçinin 7 Amerika əsgəri həlak olub.
Yaxın Şərqdə müxtəlif ölkələrdə ümumilikdə təxminən 25 ölüm hadisəsi qeydə alınıb.
Livanda ölənlərin sayı 400-ə çatıb.
Bu açıqlamalar, ABŞ administrasiyası daxilində İrana qarşı hərbi addımların koordinasiyası və strategiyasında müəyyən fikir ayrılıqlarının olduğunu göstərir.