AZ

HÖRMÜZ KİMİN “BOĞAZINDA QALACAQ”? “Artıq müharibənin nə vaxt bitəcəyini İran müəyyən edir”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranda davam edən savaşın səbəb və məqsədlərindən birinin də neft olduğu heç kim üçün sirr deyil. Burada söhbət təkcə İranın özünün nəhəng neft ehtiyatlarından və bazara təsir imkanlarından yox, həm də İran sahillərindən keçən və dünya neft daşımalarının beşdə birinin həyata keçirildiyi Hörmüz boğazına nəzarətdən gedir…

Hazırda savaşdan əvvəl və onun ilk günlərində çoxlarının “İran buna cəsarət etməz” dediyi hadisə baş verir – İranı faktiki idarə edən SEPAH Hörmüz boğazını ABŞ və müttəfiqləri üçün demək olar ki, bağlayıb. Bunun İranın özünə də böyük iqtisadi ziyan vurmasına və daha böyük təhlükələr yaratmasına baxmayaraq, belə ziyanlar hazırda ölüm-dirim savaşı verən hakim zümrənin gözünə də görünmür…

Bu arada SEPAH-ın rəsmi sözçüsü Sərdar Naini ABŞ Prezidenti Donald Trampın iddialarına cavab olaraq deyib: “İran Silahlı Qüvvələri, ABŞ ordusu və sionist rejiminin İran xalqına və onun infrastrukturuna qarşı davam edən təcavüzü qarşısında, növbəti xəbərdarlığa qədər bölgədən bir litr də olsun neft ixracına icazə vermir… İranın əlləri artıq müharibəni genişləndirmək üçün açıqdır".

O bir qədər də irəli gedərək əlavə edib ki, “artıq müharibənin nə vaxt bitəcəyini İran tərəfi müəyyən edir”. Onun dediyinə görə, İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Gerald R. Ford”un Hörmüz boğazına gəlməsini "səbirsizliklə gözləyir" və əlavə edib ki, ABŞ-nin digər təyyarədaşıyan gəmisi olan “Abraham Linkoln” bölgədən 1000 kilometrdən çox məsafədə durmağa məcburdur.

Fars xəbər agentliyi də öz mənbələrinə istinadla bildirib ki, İran Hörmüz boğazına tam nəzarət edir. Agentlik iddia edir ki, boğaz ABŞ, İsrail və müttəfiqlərinin gəmiləri üçün bağlıdır, "və onlar bir litr də olsun neft daşıya bilməyiblər". Eyni zamanda, agentlik qeyd edir ki, bu marşrut Çin və İrana "dost" ölkələr üçün açıqdır və enerji mübadiləsi problemsiz davam edir.

SEPAH sözçüsünün dediklərində və Hörmüzün İranın nəzarətində olmasına dair xəbərdə müəyyən dərəcədə həqiqət var. Məsələ ondadır ki, İran özü bu boğazda normal hərəkət edə bilməsə də, gəmiləri vurulsa da, başqalarını da hərəkət etməyə qoymaya bilir. Belə ki, boğazın sahili boyu quru ərazi İran qüvvələrinin tam nəzarətindədir və oradan istənilən “kol dibindən” adi kiçik PUA-lar və sadə dronlarla belə boğazdan keçən tankerləri vurmaq olur. Ona görə də ya ABŞ və İsrail bu quru ərazini bir neçə kilometr dərinliyə qədər tam nəzarətə götürməli, ya da İrana elə zərbələr vurmalıdır ki, Hörmüzdəki hərəkətə mane olmaqdan vaz keçməyə məcbur olsun.

Sahili ələ keçirmək üçün quru əməliyyatı lazımdır. Nə ABŞ, nə də İsrail buna ən azı fiziki olaraq gedə bilmir. Digər yandan, İrana vurulan zərbələrin indiyə qədərki miqyası hər nə qədər böyük olsa da, hakim rejim geri çəkilmir və Hörmüz boğazını vurmaq da daxil, əlindən gələn bütün vasitələrlə müqavimət göstərir. Odur ki, bu vəziyyətdə ABŞ-nin seçim imkanı elə də böyük deyil…

SEPAH rəsmi sözçüsünün yuxarıda qeyd etdiyimiz açıqlamalarından sonra Donald Tramp sosial media hesabı “TruthSocial”-da yazıb ki, Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana "20 dəfə daha güclü" zərbə endirəcək: "Əgər İran Hörmüz boğazından neft axınını dayandıran hər hansı bir tədbir görərsə, Amerika Birləşmiş Ştatları onlara 20 dəfə daha güclü zərbə endirəcək".

O əlavə edib ki, ABŞ həssas hədəfləri məhv etməyə hazırdır və bu da İranın bir millət və dövlət kimi bərpasını "demək olar ki, qeyri-mümkün" edir. Tramp xəbərdarlıq edib ki, "onların üzərinə ölüm, od və qəzəb yağacaq": "Ümid edirəm və dua edirəm ki, bu baş verməsin. Bu, ABŞ-nin Çinə və Hörmüz boğazından istifadə edən bütün ölkələrə bir hədiyyəsidir. Ümid edirəm ki, bu jest minnətdarlıqla qarşılanacaq". Yəni, İranın bütün neft infrastrukturunu darmadağın edə biləcəyinə və onun Çinlə neft əlaqələrini dayandıra biləcəyinə dair xəbərdarlıq edib. Bunun üçünsə müxtəlif daha dəhşətli silahlardan istifadə edilə bilər…

Bu arada Tehranın strategiyası ilə tanış olan İrandakı mənbə CNN-ə bildirib ki, İran Fars körfəzində ABŞ-nin müttəfiq ölkələrinə məxsus neft tankerlərinə və kommersiya gəmilərinə "təhlükəsizlik rüsumları" tətbiq etmək, yəni, “haqq qoymaq” planlarına malikdir. Mənbə CNN-ə deyib ki, "Qlobal neft qiymətlərini tənzimləyən vintləri biz əlimizdə saxlayırıq və ABŞ qiymətləri idarə etmək üçün addımlar atmağımızı uzun müddət gözləməli olacaq".

Beləliklə, tərəflərin hər birinin Hörmüzə nəzarət üçün öz rıçaqları var. Onların hansının daha güclü, təsirli, davamlı və həlledici olacağı, yəqin ki, yaxın zamanda bəlli olacaq. Çünki boğaz məsələsi həll olunmadıqca, dünya iqtisadiyyatı ağır böhrana doğru sürüklənə bilər.

Bir daha xatırladaq ki, Hörmüz boğazı dünya neftinin təxminən 20%-ni və qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 30%-ə qədərini idarə edir və planetin ən vacib enerji arteriyası hesab olunur.

Göründüyü kimi, Hörmüz uğrunda savaş ümumilikdə İran – ABŞ, İsrail savaşının vacib elementinə çevrilib və bu boğazın tərəflərin hansınınsa “boğazında qalacağı” ehtimalı getdikcə artır… 

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
50
azpolitika.info

10Mənbələr