AZ

Alzheimer xəstəliyi dəridə başlayan iltihabla əlaqəli ola bilər » AzadMedia.az


Alimlər hesab edirlər ki, Alzheimer xəstəliyi bəzən birbaşa beyində deyil, digər orqanlarda — məsələn, dəridə, ağciyərlərdə və ya bağırsaqlarda başlaya bilər. Bu nəticəyə ABŞ-dakı İndiana Universiteti tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri medRxiv preprint serverində dərc olunub.
Adətən hesab olunur ki, Alzheimer xəstəliyi məhz beyində inkişaf edir. Alimlər bu nəzəriyyəni yoxlamaq üçün xəstəliyin riskini artıran təxminən 1000 gen variantını analiz ediblər. Məlum olub ki, bu genlər ən yüksək aktivliyi beyin hüceyrələrində deyil, dəridə, ağciyərlərdə, həzm sistemi orqanlarında, dalaqda və müxtəlif immun hüceyrələrində göstərir.
Tədqiqatçıların sözlərinə görə, bu genlərin bir çoxu immun sisteminin fəaliyyəti ilə bağlıdır və “bariyer toxumaları” adlanan orqanlarda — yəni dəri, tənəffüs yolları və bağırsaqlarda — xüsusilə aktivdir. Bu orqanlar mikroblar, allergenlər və toksinlərlə daimi təmasda olduğu üçün tez-tez iltihabi reaksiyalar yaradır.
Alimlər hesab edir ki, xroniki iltihab nəticəsində yaranan siqnal molekulları — sitokinlər — qandan beyinə keçərək sinir hüceyrələri arasındakı əlaqələri tədricən zədələyə bilər. Yaş artdıqca isə beynin qoruyucu sistemi olan hematoensefalik baryer daha keçirici olur və iltihab molekullarının beyinə daxil olması asanlaşır.
Araşdırma həmçinin göstərib ki, risk genlərinin ən yüksək aktivliyi 55–60 yaş arası insanlarda müşahidə olunur. Bu isə orta yaş dövründə baş verən iltihabi proseslərin onilliklər sonra xəstəliyin inkişafına təsir göstərə biləcəyini göstərir.
Əgər bu hipotez təsdiqlənsə, xəstəliyin profilaktikası ilə bağlı yanaşmalar dəyişə bilər. Məsələn, bəzi tədqiqatlar göstərir ki, orta yaşda aparılan peyvəndləmə Alzheimer riskini azalda bilər. 50 yaşdan sonra Herpes zoster (kəmərvari dəmrov) əleyhinə peyvənd olunan insanlarda qocalıq dövründə Alzheimer inkişaf ehtimalının təxminən 50% daha aşağı olduğu müşahidə edilib.
Seçilən
66
1
azadmedia.az

2Mənbələr