Mətbuat yazır ki, prodüser Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında Azərbaycanın "Avroviziya" seçimini bəyənmədiyini yazaraq mahnını tənqid edib: “Bu mövzuda illərlə susmağı seçsəm də – artıq susa bilmirəm, bağrım çatlayır. Ona görə yox ki, mən bu mövzu ilə 7 ildən çox bütün qəlbim və ruhumla yaşamışam, öz solo karyeramı və həyatımın ən aktiv illərini bu layihəyə qurban vermişəm… Xeyr...Məhz ona görə ki, adi vətəndaş olaraq, öz Vətənini dəlicəsinə sevən biri kimi buna susa bilmirəm. Çünki mənim Azərbaycanım buna layiq deyil.
"Avroviziya" mahnı müsabiqəsinin uşaqlıqdan pərəstişkarıyam. Sonradan isə tale elə gətirdi ki, onun mütəxəssislərindən biri oldum. Çünki seçim turlarının təşkilatçısından tutmuş - şair, münsif, tur menecer, rejissor və sair vəzifələri yerinə yetirmişəm. Komanda - çox vacib və əsas amildir. Peşəkar komanda olmasa, komandaya rəhbərlik edən peşəkar insan olmasa, heç nə alınmayacaq. İstedadlı ifaçı -işin 10 faizidir. Yaxşı mahnı hardasa 30 faizi. 20 faiz səhnə quruluşu. Qalan 50 faiz isə məhz peşəkar hazırlıqdan asılıdır. Həm mahnının yazılma prosesi, həm konseptual yanaşma - hər bir xırdalıq vacibdir. Xalqımız o qədər istedadlı xalqdır. Bu istedadlı ifaçıları niyə atəşə atırsınız? Niyə onlar bu neqativi yaşamalıdır? Niyə biz peşman olaraq bu müsabiqənin adını çəkməliyik? Sadəcə təəssüf! O boyda əziyyəti bu yerə gətirdiniz".
Qeyd edilir ki, bu il "Avroviziya" müsabiqəsində ölkəmizi JIVA adlı müğənni "Just go" mahnısı ilə təmsil edəcək.
LEYLA