ABŞ və İsrailin İrana qarşı müharibəsi ali dini rəhbər Seyid Əli Xameneinin ölümü ilə nəticələndi. Lakin İran ali dini rəhbərinin ölümü ilə İran dövləti çökmədi, dağılmadı, əksinə sistem toparlandı. Bir sıra siyasi analitiklər hesab edir ki, müharibə olmasaydı, Əli Xamenei öz əcəli ilə ölsəydi bəlkə də oğlu Müctəba Xameneinin onun yerinə keçməsi ya baş tutmayacaqdı, ya da çox çətinliklə realaşacaqdı. Deməli belə çıxır ki, əslində, ABŞ və İsrail dolayısı ilə Müctəba Xamenenin ölkənin birinci postunda əyləşməsinə şərait yaratmış oldu.
Musavat.com-a şərhində Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov bildirib ki, hərbi əməliyyatların necə getməsi haqqında obyektiv məlumat almaq çox çətindir. Hələlik tərəflər özlərinin qalib gəldiyini bəyan edirlər və çox təəssüf ki, həm İran, həm də ABŞ-nin administrasiyası öz uğurlarını, yaxud da uğursuzluqlarını böyük qələbə kimi təqdim etməyə çalışırlar:
“Bu səbəbdən hərbi əməliyyatların nəticələri barədə dəqiq fikir söyləmək, kimin öz məqsədinə daha yaxın olduğunu demək o qədər asan deyil. Ancaq bir şey aydındır. ABŞ-nin prezidenti bəyan edir ki, İranın hava hücumundan müdafiə sistemini və bütövlükdə hərbi hava qüvvələrini sıradan çıxarıb. Eyni zamanda İranın donanmasını da məhv etdiyini bəyan edib. İranın bu əməliyyatlardan yara aldığı danılmazdır. Lakin İran da ABŞ-nin hərbi bazalarına zərər vura bilib. Hərbi əməliyyatın nəticələrindən biri də ali dini liderin öldürülməsi və oğlunun onun yerinə ali dini rəhbər seçilməsi oldu. Bu da heç kim üçün xüsusi gözlənilməz olmadı. Hələ Əli Xameneinin sağılığında əsas namizədin onun oğlu Müctəba Xamenei olduğu söylənilirdi. Ancaq müharibənin birinci günündə Əli Xamenei o cür faciəli şəkildə öldürülməsəydi çox güman ki, oğlunun ali dini lider seçilməsi bu qədər asan olmazdı. Onun ölümü bu prosesi bir qədər asanlaşdırdı”.
Siyasi ekspertin sözlərinə görə, Müctəba Xamenenin uzun illər bu vəzifədə qalması mümkündür:
“Məlumdur ki, İranda dəfələrlə yeni təyin olunan şəxslər də sonradan öldürülüblər. Bir neçə nazir bu taleyi yaşadı. İndi Tramp açıq şəkildə deyir ki, bizimlə razılaşdırmadan gərək rəhbər təyin etməyəydilər. Və onu da deyir ki, görək orada nə qədər əyləşə biləcək. Yəni açıq şəkildə işarə olunur ki, Müctəba Xameneinin öldürülməsi üçün də cəhdlər göstəriləcək. Yeni ali dini rəhbərin tutacağı mövqe ola bilsin həm onun, həm də İranın gələcək taleyinə ciddi təsir göstərəcək. Əgər əvvəlki xətdən müəyyən qədər imtina olunsa, ən azından nüvə proqramı ilə müəyyən güzəştlərə gedilsə bəlkə də həm bu ağır durumdan çıxmaq mümkün olacaq, Müctəba Xamenei ali dini rəhbər kimi öz vəzifəsini uzun müddət yerinə yetirəcək. Çünki yaşı çox deyil və ali dini rəhbər ömürlük seçilir”.
Etibar Seyidağa,
Musavat.com