Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva “Yeni Sabah”ın suallarını cavablandırıb.
KONKRET.az xəbər verir ki, Kəmalə Paşayeva müsahibə zamanı mərhum deputatın mənəvi qızı haqqında da danışıb.
O, ailənin hələ də həmin xanımla əlaqə saxladığını bildirib: “Qənirə xanım evində saxlasa da, saxlamasa da qız uşaqlarına qarşı çox həssas idi. Onların oxuyub həyatda bir yer tutmaları üçün çox çalışırdı. Atasız-anasız və ya maddi imkanları zəif olan ailələrin övladlarına dəstək olurdu. Evində saxlamasa belə bir əli üstlərində idi.
Onlardan yalnız birini yanında saxlayırdı. Ailəsi var idi. Sadəcə olaraq maddi vəziyyətləri yaxşı deyildi. Qənirə xanım da ona bacardığı hər dəstəyi göstərirdi. O qız da oxudu, universiteti bitirdi. Artıq ailə də qurub, övladı da var. Onunla görüşürük, əlaqələrimiz var. Ailə olaraq əlləri çörəyə çatana qədər də hamısının yanındayıq. Kənarda olan uşaqlara da hazırda dəstək oluruq. Hər zaman da yanlarındayıq”.