AZ

Prezidentin tapşırığı ilə...

Ölkəmizdən İrana humanitar yardım göndərilib

Azərbaycan fevralın 28-dən başlayan müharibə ilə əlaqədar İranda yaranan vəziyyətə həssas yanaşma sərgiləyir. Dağıdıcı raket zərbələri qonşu ölkədə infrastruktura ciddi ziyan vurub, insanların gündəlik tələbat malları ilə təchizatında çətinliklər yaranıb. Özünün çoxvektorlu xarici siyasət kursunda humanizm  prinsiplərini hər zaman önə çəkən Azərbaycan buna biganə qala bilməzdi və qalmır da. Bu çətin günlərdə Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq ölkəmizdən İran İslam Respublikasına humanitar yardım göndərilib. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb.

Azərbaycanın humanizm prinsipinə əsaslanan siyasəti

Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən  Azərbaycan da zamanında ədalətsiz müharibəyə cəlb olunan və humanitar fəlakətlə üzləşən ölkədir. Buna görə də dövlətimiz və cəmiyyətimiz  dünyanın ayrı-ayrı bölgələrində yaşanan humanitar böhranlara həssas yanaşma sərgiləyir.  Ölkəmiz daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndirilməlidir. Bu gün biz qürur duyuruq ki, güclü Azərbaycanın dünyanın ayrı-ayrı regionlarını əhatə edən yardım proqramları uğurla icra edilir və bundan milyonlarla insan faydalanır.

Bu barədə konkret təsəvvürün yaranması üçün bəzi faktları xatırlatmaq yerinə düşər. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının (QH) üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Təbii ki, bu, ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Prezident İlham Əliyev 2019-cu ildə kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu gündəmə gətirib. Dövlətimizin başçısı  Qoşulmama Hərəkatının sammiti zamanı inkişaf edən kiçik ada dövlətlərinin və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan edib və ilk donor olaraq ölkəmiz bu məqsədlə hər iki Çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Uzanan müharibə ilə əlaqədar Ukraynada yaşanan humanitar fəlakət hər kəsə bəllidir. Aktiv döyüş əməliyyatlarının getdiyi bölgələrin milyonlarla sakini doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Ölkənin infrastruktur təminatında, xüsusilə də enerji təchizatında vəziyyət kritik dərəcədə ağırdır. Davamlı hava zərbələrinin nəticəsi olaraq enerji təchizatı obyektlərinə ciddi ziyan dəyib. Tələbat kəskin şəkildə ödənilmədiyinə görə, ölkədə energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Ən çətin vəziyyət Kiyevdə, eləcə də ölkənin mərkəzi, şimal və şərq bölgələrində müşahidə olunur. Belə çətin durumda ölkənin xarici işlər naziri Andrey Sıbiqanın təşəbbüsü ilə “Ukrayna üçün istilik (WarmForUkraine)” adlı qlobal aksiyayaya start verilib. Aksiyanın məqsədi Ukrayna üçün generatorların və istilik qurğularının alınması məqsədilə vəsait toplamaqdır. Çağırış bütün dünyada olduğu kimi, Azərbaycanda da rəğbətlə qarşılanıb.

Qeyd edək ki, müharibə başlayandan bəri Azərbaycanın Ukraynaya humanitar yardımı davamlı hal alıb. Respublikamızdan dost ölkəyə yardımlar müxtəlif istiqamətlərdə göstərilir. Xatırladaq ki,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında ölkəmizdə Ukraynadan olan uşaqlar üçün reabilitasiya kursları təşkil olunub. Həmin proqramlar çərçivəsində Ukraynadan olan uşaqlar həm respublikamızın ayrı-ayrı guşələrini gəziblər, həm də onlar 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər.

O cümlədən Azərbaycan Ukraynanın kritik durumda olan enerji təchizatına dəstək verir. İndiyədək respublikamızdan Ukraynaya bir neçə dəfə enerji avadanlığı yüklənmiş humanitar yardım karvanları yola salınıb. Azərbaycan vətəndaşları və şirkətləri tərəfindən Ukraynada enerji infrastrukturunun bərpası üçün sonuncu dəfə göndərilən enerji avadanlıqları İrpen şəhərinə təhvil verilib. Bildirildiyi kimi, bu dəfə Azərbaycan tərəfindən 17 müxtəlif enerji generatoru, 4 portativ enerji sistemi və 3 istilik qurğusu göndərilib. Bu yardım Ukrayna üçün çətin dövrdə əsl həmrəyliyin və qardaşlıq yardımının daha bir parlaq nümunəsidir.

Suriyaya dəstək Azərbaycanın humanitar missiyasının daha bir ifadəsidir. Artıq Suriyada yeni dönəm başlayıb. Ölkənin keçid dövrü hakimiyyəti Bəşər Əsəd rejiminin kədərli miraslarının aradan qaldırılması kimi ağır bir prosesi irəli aparmaqdadır. Çətinliklə də olsa, uğurlar qazanılır. Respublikamız Suriyaya dəstəyini ilk ifadə edən dövlətlər  sırasında yer alır. Bu dəstək müxtəlif istiqamətləri əhatə  edir. O cümlədən, ölkəmizdən Suriyaya qaz ixracına da start verilib.

Qonşu və dost İran xalqının ehtiyaclarının qarşılanması məqsədilə...

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması və inkişaf etdirilməsi xətti xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə əsaslandırıb ki, hər bir ölkənin normal inkişafında qonşu dövlətlərlə münasibətlər müstəsna önəm daşıyır.

Azərbaycanla İran da qonşu dövlətlərdirlər. Bu, bir taledir və xalqlarımız da bu taledən məmnundurlar. Bizi bir sıra oxşar mənəvi dəyərlər, etiqad eyniliyi birləşdirir. Eyni zamanda, Arazın o tayında milyonlarla soydaşımız yaşayır. Bu kimi amillər nəzərə alınmaqla Azərbaycan və İran ikitərəfli əlaqələri davamlı olaraq inkişaf etdirirlər. Son illərdə iki ölkə arasında bir sıra iqtisadi layihələrin icrası uğurla təmin olunub. Bakı və Tehran qarşılıqlı maraqlara əsaslanmaqla Şimal - Cənub nəqliyyat dəhlizinin inkişafına böyük maraq göstərirlər. Ölkələrimiz Araz çayı vasitəsilə bənzərsiz su diplomatiyası həyata keçirir və burada hidroqovşaqların inşası uğurla tamamlanıb. Araz çayı üzərində yeni körpünün tikintisinin tamamlanması ilə iki ölkə arasında nəqliyyat bağlantıları daha da intensivləşəcək. Yeri gəlmişkən, Azərbaycanın və İranın dövlət başçıları bu günlərdə telefon söhbəti əsnasında müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın müharibə ilə əlaqədar İranın üzləşdiyi çətinliklərə həssas yanaşması da ölkəmizin xoş mərama əsaslanan qonşuluq siyasətinə verdiyi böyük önəmin daha bir ifadəsidir.  Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib.

Bu çətin günlərdə Azərbaycandan İrana humanitar yardım da dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq göndərilib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə məlumat verib. Onun sözlərinə görə, göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər qısa müddətdə təyinat yerinə çatdırılacaq.

Qeyd olunub ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Humanitar yardım karvanını Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət ediblər.

Mübariz ABDULLAYEV

Seçilən
48
yeniazerbaycan.com

1Mənbələr